Bütün Avropa kimi İtaliya da əsl enerji böhranı ilə üz-üzə qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report”un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, TAP AG konsorsiumunun İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) deyib.

Onun sözlərinə görə, bu gün Avropa tarixi bir qaz çatışmazlığı ilə üzləşib ki, bu da təbii qaz qiymətlərini kəskin artırıb.

Onun fikrincə, xoşbəxtlikdən İtaliya başqa Avropa dövlətlərindən daha yaxşı durumdadır: “Bu, əsasən 2020-ci ilin sonunda tikintisi tamamlanan və Apulya vilayətini Azərbaycanla birləşdirən TAP boru kəməri sayəsində baş verib”.

L.Şkieppati vurğulayıb ki, faktiki olaraq, TAP boru kəməri İtaliyanın təbii qaz tədarükünün 10 %-ə qədərini təmin edir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün, Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının başqa Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin güclənməsində, tədarükün şaxələndirilməsində önəmli rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın