Böyük Britaniyanın kəşfiyyat xidməti həyəcan təbili çalıb. Çin kəşfiyyatı Böyük Britaniya parlamentinə qədər sirayət etməyə müvəffəq olub. BBC-nin məlumatına görə, Çinin təsir agentləri Böyük Britaniyanın parlament üzvləriylə sıx təmaslar qurmağa çalışırlar. Pekin təsir agentləri vasitəsilə Böyük Britaniya parlamentinin Çin əleyhinə qərarlarının durdurlmasını istəyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Britaniyadakı casus qalmaqalını şərh edərkən yazıb.

O bildirib ki, Böyük Britaniya kəşfiyyatının deputatlara göndərdiyi məlumata görə, Kristin Kuq Lu adlı Çin mənşəli vəkil Pekindən aldığı təlimatlar əsasında Böyük Britaniyanın müxtəlif parlament üzvləriylə Çini rahatsız edən mövzuları müzakirə edib:

“Hər bir deputatın başlıca məqsədi növbəti seçkidə yenidən qələbə qazanıb parlament üzvü olmaqdır. Seçki kampaniyası üçün isə maliyyə lazımdır. Çin mənşəli vəkil razılığa gəldiyi deputata maliyyə dəstəyi vədi verirdi. Pullar Çindən göndərilməliydi. Vəkilə ayrılan pul şübhə doğurmamaq üçün Honkonqdakı banklardan köçürülməli idi.

Böyük Britaniya əks-kəşfiyyatı deputatları xəbərdar edib ki, kim Kristin Kuq Lu adlı vəkillə əlaqə qurub ondan maliyyə alacaqsa, bu halda Kommunist Çinin maraqlarına xidmət etmiş olacaq. Məsələdən xəbərdar olan Mühafizəkarlar Partiyasının keçmiş lideri və deputat Dankan Smit Çin mənşəli vəkilin Böyük Britaniyadan deportasiya edilməsini tələb edib.

Bu tələbi deputat və Böyük Britaniyanın müdafiə nazirinin keçmiş müavini Tobayas Ellvud da dəstəkləyib. Onun sözlərinə görə, Pekindən nə istəsən gözləmək olar: “Çin kəşfiyyatının Böyük Britaniya parlamentinə qədər uzanması hökuməti rahatsız etməlidir”.

Politoloq yada salıb ki, Böyük Britaniya kəşfiyyatı Çin kəşfiyyatının Rusiya KQB-ni üstələməyə başladığı fikrindədir:

“Britaniya kəşfiyyatının hesabatında yazılır: “Əvvəllər Böyük Britaniyada belə hallar olmazdı. İndi isə Çin kəşfiyyatı evimizin içinə girməyə çalışır. Təsir agentlərini həbs etmək mümkün deyil, çünki onlar lobbiçiliklə məşğuldurlar. Bu, cinayət olmasa da, Çinin maraqlarını təmin etmək Böyük Britaniyanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə təsir agentlərini ölkədən deportasiya etmək lazımdır”.

Çin mənşəli vəkil Böyük Britaniya parlamentində müxtəlif istiqamətlərdə çalışırmış. Onun vəzifələrindən biri də iki ölkə arasında parlamentlərarası qrupun işini gücləndirmək olub. Qrupun Böyük Britaniyadan olan üzvlərinin Çinə səfərləri təşkil olunmalıydı.

Vəkilin tələsinə düşənlər də olub. Misal üçün, Leyboristlər Partiyasının üzvü Barri Qardiner 5 il boyunca vəkildən 420 min funt sterlinq alıb. Başqaları da pulları alıblar. Ancaq vəkildən pullar alanlar maliyyə vəsaitlərini müxtəlif təşkilatlara keçirdiklərini bildiriblər.

İngilis siyasətçilərin söylədiklərini yoxlamaq çətindir. Ancaq Çin mənşəli vəkli faş edildikdən sonra çətin ki, Böyük Britaniyada kimsə onunla müzakirə aparıb maliyyə dəstəyi alsın”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın