Bildiyiniz kimi, 2-3 dekabr tarixlərində Stokholm şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci toplantısı keçirildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu toplantıda iştirak etdilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bir müddət öncə ATƏT-in Stokholmda keçirilən toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi ilə bağlı məlumat yayılmışdı, ancaq görüş baş tutmadı.

Bununla bağlı sualı cavablandıran Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:

“Toplantıdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Ancaq 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.

Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması yönündə Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın