Aprelin 27-si dünya tarixinə Koreya yarımadasındakı gözəl bir olay ilə düşəcək. Dünya güclərinin ziddiyyətlərinin kəskinləşməsi hesabına bölünmüş bir millətin liderləri – Cənubi Koreya Prezidenti Mun Çje İn  və Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen İn görüşüb. Pxanmuncom kəndində keçirilən danışıqların birinci mərhələsi zamanı Şimali Koreya liderinin bacısı Kim Yo Çjon iki dövlətin birləşdirilməsinin tezləşdirilməsini təklif edib. Yeri gəlmişkən, bir müddət öncə Cənubi Koreyanın Prezidenti Mun Çje İn (Moon Jae In) iki dövlətin dəmiryolu xətlərinin birləşməsini istəmişdi. Tərəflər növbəti mərhələdə Koreya yarımadasının demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparacaqlar.

Məlum olduğu kimi, Koreya yarımadası 65 ildir dünyanın ən gərgin, müharibənin, hətta dünya savaşının başlaması üçün bəhanələr, səbəblər, arqumentlərlə dolu bölgəsidir. Şimalla cənub arasında baş vermiş Koreya müharibəsi 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-nə qədər davam etmişdi. Düzdür, bu müharibənin bitdiyini tərəflər rəsmi olaraq hələ elan etməyiblər. Bu yarımadada iki dövlət ABŞ və keçmiş SSRİ arasındakı ziddiyyətin nəticəsində yaranıb. Cənubi Koreya 1945-ci il avqustun 15-də, Şimali Koreya isə 1948-ci il sentyabrın 9-da müstəqilliyini elan edib. Yarımada Yaponiya imperiyasının müstəmləkəsi olub. KXDR-in indiki lideri Kim Çen İnin (Kim Chen In) babası Kim İr Senin Cənubi Koreyanı şimala birləşdirmək cəhdi Koreya savaşının başlamasına səbəb kimi göstərilir. Ancaq yarımadada milyonlarla insanın ölümünə, qaçqın, itkin düşməsinə səbəb olmuş müharibənin baş verməsinə əsas səbəb “soyuq müharibə” sayılır. Aprelin 27-də “soyuq savaş”dan qalma 68 illik bir münaqişə, gərginlik ocağı həll edilmək, söndürülmək üzrədir. Ötən il Koreyadakı dövlətlər az qala üçüncü dünya müharibəsinin başlamasına bais olacaqdılar. Hadisələr göstərir ki, yarımadanı bölüb iki dövlət yaradanlar bu gün Şimali və Cənubi Koreya ilə bağlı fərqli mövqe nümayiş etdirirlər. Koreya yarımadasında yaranmaqda olan sülh dünyada istənilən belə münaqişənin himayədarları və yaradıcılarını bir daha təsdiqləyir. Çünki onların ziddiyyəti başqaları üçün bəlaya çevrilir. Bu əzab-əziyyət, işgəncələri koreyalılar yaşayıblar. Materikin bu hissəsinə sülhün gəlməsi insanlığın istənilən problemi müzakirə və anlaşma yolu ilə həll edə bilməsinin göstəricisidir. Düzdür, dünya bu və ya başqa səbəbdən həmişə qarmaqarışıq olub. Yəni dünyanın qansız-qadasız günü olmayıb. Ancaq iki dövlət arasında müharibə bitəndən sonra qalmış, həll olunmamış 65 illik münaqişənin yoluna qoyulması təlatümlü dünya üçün xoşməramlı hadisə sayıla bilər.

Hər halda Koreyada sülhün bərqərar olması dünya gücləri arasında mövcud gərginliyi də azalda bilər. Əlbəttə, Rusiya yarımadada gərginliyi yenidən artırmaq, yaxud yarada bilmək üçün keçmiş SSRİ gücündə deyil. Ancaq Koreyaya bütövlüyün, sülhün gəlməsində Rusiya ilə yanaşı, Çin və Yaponiya müsbət təsir göstərə bilər. Yarımadada vəziyyətin normallaşması istiqamətində başlıca rol isə daha çox ABŞ-a aiddir. Bu həm də sübut edir ki, ABŞ başda olmaqla dünyadakı bütün münaqişələr idarə edilən olduğu kimi, eyni zamanda həll olunandır. Çünki bütün münaqişələrin açarı daha çox böyük güclərin maraqlarının təmin olunmasında, yaxud onların əlindədir. Ona görə də ehtimal etmək olar ki, Koreyadakı münaqişə artıq dünyanın aparıcı dövlətlərinin maraqlarına oynamır. Başqa sözlə, bu gərginlik ocağı perspektivdə həmin aparıcı güclərin ziyanına işləyə bilər. Yəqin koreyalılar bundan sonra başqasının felinə düşüb maraqlarının təmin olunması naminə bir-birini qırmaqdan çəkinər. Odur ki, Koreyadakı dövlətlərin birləşməsi məsələsi belə çəkinilmədən dilə gətirilir, bəyan edilir. Yarımadadakı indiki hadisələrlə bağlı siyasi təhlillərdən çox, ədəbi esselərin yazılmasına ehtiyac var. Çünki siyasi məsələlərdən yazılanda istər-istəməz keçmişdəki xoşagəlməz hadisələr də xatırlanır. Bu isə indiki ovqata heç yaraşmır və daha çox ürək bulandırır.

Beləliklə, Koreya yarımadası təlatümlü dünyamızın indi ən müsbət emosiyalı bölgəsidir.

Qaynaq: Sədrəddin İsmayılov (Report)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın