Bu gündən “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, müraciətlər yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134), ya da elektron qaydada ([email protected]) təqdim edilməlidir.

Müraciət etmək üçün uyğun ərizə forması və gərəkli başqa sənədlərlə bağlı bilgilər KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Ərizəni yüklə

Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

1. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə – onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

2. startap layihəsinin adı, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

3. məhsulun sənaye nümunəsi və ya dizaynı;

4. aşağıdakı məlumatlardan ibarət biznes-plan:

4.1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;

4.2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);

4.3. məhsulun unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);

4.4. investisiya planı;

4.5. əmək resursları haqqında aşağıdakı məlumatlar:

1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;

2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;

3. olduğu halda – məsləhətçiləri haqqında;

4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;

5. olduğu halda startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumat;

6. olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;

7. olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

“Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilir.

Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun olaraq “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta, ya da iri sahibkarlıq subyektinin təsisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalıdır.

“Startap” şəhadətnaməsi gəlir, ya da mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də başqa startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.

“Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və dəyərləndirilməsi üçün ekspertlər şurasına təqdim olunur.

Ekspertlər şurasının rəyi əsasında agentlik “Startap” şəhadətnaməsinin verilməsi, ya da verilməsindən imtina edilməsi ilə bağlı qərar qəbul edir. Məlumat üçün bildirək ki, ekspertlər şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və müstəqil ekspertlər təmsil olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın