Sahibkarlar Qarabağa qayıdışda və orada biznesin qurulmasında yüksək maraq göstərir, eləcə də öz fəaliyyət həcmlərini genişləndirmək istəyirlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report informasiya agentliyinin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, bu məqsədlərə çatmaq üçün sahibkarlar uyğun torpaq sahələrinin, ya da obyektlərin ayrılmasına, fəaliyyətə başlamaq üçün sənədləşdirmə işlərinə, yerində monitorinq və ərazini dəyərləndirmək üçün səfər planlamasına dəstək gözləyirlər:

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra önəmli imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin yerinə yetirilməsinə şərait yaradacaq. KOBİA olaraq, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsini böyük məmnuniyyətlə həyata keçirəcəyik.

Əminəm ki, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərin iqtisadi canlanması ölkə iqtisadiyyatının daha da böyüməsinə təkan verəcək və biz bunun yaxın zamanda şahidi olacağıq.

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 929 müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub”.

O, həmçinin bildirib ki, müraciətlərin 27 faizi tikinti, yenə də 27 faizi ticarət və xidmət, 20 faizi sənaye, 18 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələrini əhatə edib.

Bundan başqa, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlı olub. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın