Kanada Rusiya prezidenti Vladimir Putinin qızları Yekaterina Tixonova və Mariya Vorontsovaya qarşı fərdi sanksiyalar tətbiq edib.
YALAN.info bildirir ki, bununla bağlı Kanda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sanksiya siyahısına Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, iş adamları Pyotr Avena və Mixail Qutseriyev, violonçel ifaçısı Sergey Rolduqin də daxil edilib. Ümumilikdə, Kanada Xarici İşlər Nazirliyi “rejimin silahdaşı” kimi qəbul etdiyi 14 nəfərə sanksiya tətbiq edib. Sanksiya siyahılarına daxil olan şəxslərin Kanadadakı aktivləri dondurulur və ölkəyə girişi qadağan edilir.
Ölkənin Baş naziri Castin Trüdo jurnalistlərə bildirib ki, Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək. Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Yada salaq ki, martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.