Azərbaycan İnformasiya Mərkəzində tanınmış jurnalist, folklorşünas İradə Sarıyevanın müəllifi olduğu “Saz danışsın” layihəsinin bu sayı Kəlbəcər aşıq mühitinin zirvəsi, Miskin Abdal sənət ocağının odqoruyanı, Ağdabanlı Qurban yadigarı Dədə Şəmşirə həsr edilib.

Dədə Şəmşirin saz üstə biçilən şeirlərinin hər biri bir dünyadı, dəryadı, ümmandı…

Mən uşaq olanda evimizdə xudmani bir kitabxana vardı. Kitabların da çoxu klassik aşıqların kitabları idi. Uşaq marağı ilə o kitabların çoxunu demək olar ki, hər gün vərəqləyirdim. Dədə Şəmşirin adını da ilk dəfə “Dağ havası” adlı kitabın üz qabığından oxumuşam. Əlbəttə, bütün uşaqlar kimi mənim də öz sehirli, sözlü dünyam vardı. Bu dünyanın içində şeirlərini əzbərlədiyim şairlər, aşıqlar çox idi. Beşiyim başında saz çalındığından harada aşıq sözü görmüşəmsə, o tərəfə qanadlanmışam. Bu, məndə sövqi-təbii bir hissdir. İllərdir ki, aşıq sözünü işıq kimi qəbul edib sazın, sözün, ustad ruhunun havasında yaşamışam. Türk dünyasının azman aşıqlarının bir çoxunu şəxsən tanımışam. Lakin Dədə Şəmşiri yaxından görüb tanımaq mənə nəsib olmasa da, onun ölməz poeziyasını, şeiriyyətini eşitmişəm, kitablardan oxumuşam. Borçalı aşıqları Dədə Şəmşirin şeirlərinə həmişə müraciət ediblər. Bu da tam təbiidir. Ustadlar ustadı Dədə Şəmşirin şeirlərini ifa etməmək sözün həqiqi mənasında günah olardı. Hər misrası, hər bəndi, saz üstə biçilən şeirlərin hər biri bir dünyadı, dəryadı, ümmandı.

Dağlara aşiqəm, həm pasibanam,
Xınalı dağlarda qalır nişanam.
Atam Dəlidağdı, İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.

Şeirdəki axıcılıq, poetik ifadə, obrazlı deyim və sazın ahəngindən süzülən gözəllik oxucunu valeh etmirmi? Bu şeir saz üstə düzüləndə böyük bir aləm yaratmırmı?

Bu dünyada qalan izin…

Dədə Şəmşirin şeirlərindən, sazının səsindən, oxusundan dağ havası axıb gəlir. Bilirsiniz ki, dağ havası da bir rəngli, bir əhvallı olmur. Dağ havası dağların gül-çiçəyi kimi min rəngli, min əhvallı, min ovaqatlı olur. Gah o şeirlərdən üzümüzə sərin meh gəlir, gah təmiz hava dolur ciyərlərimizə, gah üstümüzə tufan, boran, şaxta qılınc çəkir, dondurur, üşüdür bizi, gah da Günəş könlümüzü oxşayır…

Dədə Şəmşiri mənə daha da yaxınlaşdıran, arxasınca aparan, sözünə qanadlandıran ustadımız Məmməd Aslanın ustadlar ustadına həsr etdiyi “Saxla, izimi dünya” adlı kitabı oldu. Bu kitabı vərəqlədikcə əzəmətli bir saz-söz zirvəsini görməyə bilmirsən. Dədə Şəmşirin izləri laçın qayaların, durnagözlü bulaqların, əlçatmaz, ünyetməz zirvələrdə bitən dağ çiçəklərinin yaddaşında yaşayır. Əlbəttə, Kəlbəcər toprağının, Dəlidağın hər qarışında Dədə Şəmşirin addım səsləri, sazının ahəngi, ruhu, sədası yaşayır, qalır. Deyirlər ki, səs heç vaxt yaddan çıxmır. Yəni, insanın üz-gözü, görünüşü yaddan çıxa, unudula bilər, ancaq səsi unudulmazdı. Aşıq musiqisini hədsiz dərəcədə sevdiyim üçün tez-tez müasir aşıqlarla yanaşı klassik aşıqların lent yazılarına da qulaq asıram. XX ərsdə yaşayıb yaradan aşıqlar artıq klassik irsimizin inciləri sırasındadır.

Dastanlardan gələn sənətkar…

Aşıq Şəmşirin ifasını çox dinləmişəm. Ustadın danışdığı və hazırda “Qızıl Fond”da saxlanılan “Aşıq Valeh və Zərnigar” dastanına dəfələrlə qulaq asmışam. Ustadın dastan söyləmə manevrası tamamilə özünəməxsusdur. O indiyə qədər dinlədiyimiz heç bir aşıqla müqayisə edilməz dərəcədə fərqli bir dastançı aşıq olub. Zaman keçdikcə sənətə yanaşma, saza münasibət yeni şəkil almağa başlayır, ancaq yenilik məqamları Dədə Şəmşir kimi ustadları inkar etmir. Yeni nəsil Dədə Şəmşirin şeirlərinə, ifalarına üz tutur. Klassik irsimizin bilicisi və layiqli davamçısı olan Dədə Şəmşirin ifasında elə havalar lentə alınıb ki, bu gün o havaların yalnız adı qalıb və çox istisna hallarda ifa edilir. Məsələn, “Sarıtorpaq”, “Güllü qafiyə”, “Xanım sallandı”, “Gülabı” və başqa havaları bu gün hansı aşıq oxuyur? Dədə Şəmşirdən bizə tükənməz bir irs qalıb. O irsin zinyətlərindən biri də Dədə Şəmşirin ifasında lentə alınan saz havalarıdır ki, çoxlarımızın o ifalardan xəbəri yoxdur.

Dədə Şəmşirin havacat repertuarı…

Qeyd edim ki, 14 yanvar 1957-ci ildə musiqişunas Əminə Eldarova tərəfindən Azərbaycan SSRİ Elmlər Akademiyasında (indiki AMEA) aşıq Şəmşirin ifasında lentə alınmış 75 saz havası bu gün hər bir sazsevər üçün misilsiz töhfədir. Bu ifaların sırasına “Vətən Dağları”, “Aşıq Ərəbi”, “Aşıq Hüseyni”, “Avropa Kərəmi”, “Baş Divanı”, “Baş Müxəmməs”, “Baş Şərili”, “Bayatı”, “Bayramı”, “Bəhri Divanisi”, “Bəhri-təbil”, “Bozağı Koroğlu”, “Cəngi Koroğlu”, “ Dağ Başında Qar Piri”, “Dilqəm”, “Əhmədi”, “Gəraylı”, “Göyçəgülü”, “Gözəlləmə”, “İran Gəraylısı”, “Qızılgül”, “Sarı yaylıq”, “Səməndəri”, “Şəmşiri”, “Süsənbəri”, “ Təcnis”, “Kərəm Gözəlləməsi”, “Keşiş Oğlu”, “Koroğlu Sarıköynəyi”, “Lalə Havası”, “Layla De Layla “, “Müxayi”, “Müxəmməs”, “Gözəlləməsi”, ”Naxçivani”, “Orta Müxəmməs”, “Orta Sarıtel”, “Orta Şərili”, “Ovşarı”, “Paşa KöçdüTəsnifi”, “Qarabağ Yelpiyi “, “Qaraçı”, “Qaragöz Bala”, “Qaytağı Koroğlu”, “Qaytağı”, “Qazağı Borçalı”, “Qazax Səbzisi”, “Qəmərcan”, “Ürfani”, “Vaqif Gözəlləməsi”, “Xan Çobanı”, “Xanım Sallandı”, “Yurd Yeri”, “Sevənidir”, “Var “, “Gülabı”, “Gülə”, “Qızlar”, “Aşıq Mahnısı”, “Baş Sarıtel”, “ Güllü Qafiyə”, “Meşəbəyi”, “Şahsevəni”, “Düyməli Qız”, “Misri Koroğlu” və “Qəhrəmanı” aiddir.

Onu da vurğulayım ki, siyahıda adı qeyd edilən havaların çoxu bu gün nadir hallarda ifa edir. Bir məqama diqqətinizi çəkmək istəyirəm. Dədə Şəmşirin repertuarında təqdim edilən nümunələrin az bir hissəsi havacatın adı ilə deyil, şeirlərin adı ilə təqdim edilir. Məsələn, “Sevənidir”, “Var”, “Qızlar” və sair. Sözsüz ki, ustad bu şeirlərin hər birini bir hava üstündə dindirirdi.

Zaman keçir, bu dünyada izi qalan insanları tarix unutmur, unutdurmur. Doğurudan da, xalqın yaddaşına köçən insanlar əbədi yaşayırlar, Dədə Şəmşir kimi. Bu uca zirvəyə kimin əli çatıbsa, ünü yetibsə, o özünü dünyanın ən xoşbəxt adamı hesab edib. Sadə insanlar həmişə zəngin ürəyə, saf ruha, ilahiyə bağlı olurlar. Özü kimi düşünən, özü kimi yazan, özü kimi ifa edən sənətkarları nə el unudur, nə əzizləri, nə də tarix.

Demədimmi könlüm al vədəsində…

Dədə Şəmşirin poeziyası ilə tanış olarkən öz özlüyümdə bir həqiqəti dərk etdim, aşkarladım. Bu, nədir? Dədə Şəmşir bütün hallarda özünü yazıb. Öz əhvalını, keçirdiyi hissləri, doğulduğu torpağın gözəlliyini, uluların-ulusların yadigar qoyub getdiyi uca sazımızın bənzərszliyini ifadə edib.

Çağırsan cavanlıq yetişməz hova,
Yanar cismin inan sönməz alova.
Çıxmaq üçün Dəlidağa, Murova,
Söylə görüm, varmı səndə hal, aşıq?

Bu ustadlar ustadının ruhunu, ovqatını tam ifadə edəın misralardır.
Dədə Şəmşir yaradıcı aşıq idi. Dağ havası, bulaq suyu kimi saf şeirləri dillər əzbəridir bu gün də. Yuxarıda qeyd etdiyim kimi onun şeirləri aşıqların sazını bəzəyib həmişə.

Səni qarı gördüm, bağrın qan oldu,
Mənim saqqalımın çal vədəsində.
Qəlbimə dəydiyin yadıma düşdü,
Demədimi könlüm al vədəsində.

Bu misralar çağdaş aşıqların əksəriyyətinin reperturında özünə yer tutur.
Bu şeir ustadın özünün də reperturaında əvəzsiz yerə malikdir. “Bayramı” havası üstündə oxuduğu “Vədəsində” şeiri yüzlərlə ürəyi xəfif kədərə qərq edib. Hicran, həsrət, giley-güzar o qədər incə təsvir edilib, nəzmə çəlilib ki, ağrı-acını əzizləmək istəyirsən. Dədə Şəmşirin lent yaddaşına köçən ifaları gözümüz qarşısnda sonu görünməyən gözəllik açır. Ustadın ifasında “Süsənbəri” havasını dinlədikcə onun avazının şirinliyini, ruhunun gözəlliyini görməyə bilmirsən, Ağdabanlı şair Qurbanın ürəyindən süzülən “Üstündən” şeirini dinləmək sənə daha da xoş gəlir. Mən şəxsən bu sözləri müxtəlif nəsil aşıqlarının ifasında dinləmişəm, hər biri özünəxas oxuyub, ancaq Dədə Şəmşir bu sözləri başqa bir məhəbbətlə ifa edib. Burada həm bir oğul sədaqəti, həm də sənətkarın sənətkara sonsuz rəğbəti, ehtiramı özünü biruzə verir.

Ümummilli liderin yaradıcılıq irsinə böyük sayğı göstərdiyi aşıq…

Dədə Şəmşir isrinə çox yüksək dəyər verən Ümumilli liderimiz Heydər Əliyev ustadlar ustadının aşıq sənətinin inkişafında oynadığı böyük rolu belə ifadə edirdi: ”Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Dədə Şəmşirin aşıq sənətinin inkişafındakı əməyini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev 2003-cü ildə Dədə Şəmşirin 110 illik yublieyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Dədə Şəmşirin yubileyi qeyd edildi və Göy Göl rayonundakı 7 saylı musiqi məktəbinə ustadın adı verildi, məktəbin önündə büstü qoyuldu. Bu, təkcə Dədə Şəmşir irsinə yox, bütövlükdə Azərbaycan aşıq sənətinə verilən dəyər idi.

Bu dünyada izi qalan aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.

Aşıq Şəmşir, Dəlidağdan keçəndə…

Layihəmizin keçən sayları Ağdabanlı Qurbana həsr edildiyi üçün biz aşıq Şəmşirin nəsil şəcərəsi haqqında bilgilərlə oxucularımızı tanış etmişdik. Yenə də qeyd edək ki, aşıq Şəmşir Miskin Abdal ocağının odqoruyanı, Ağdabanlı Qurbanın övladı, yadigarı olub. Məlumdur ki, sazın-sözün pərvazlandığı ocaqda doğulan Dədə Şəmşirin saz-sözə könül verməsi, telli sazı bağrına basıb zilini zil, bəmini bəm edib məclislər uğurlaması bir tarixdir. Dədə Şəmşir əlinə saz götürüb elin məclislərinin bəzəyinə çevirilib və xalqın xeyirli, şad günlərində onun yanında olub. Miskin Abdalın genetik və mənəvi irsininin davamçısı Dədə Şəmşiri bütün türk dünyası yaxşı tanıyır. Dədəni xalqın yaddaşına həm mənsub olduğu şəcərə, həm sazı-sözü, həm də xalq şairi Səməd Vurğunla tarixi görüşü yazdı. Məlumdur ki, İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla – Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.

Səməd Vurğun:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir:

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun:

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara,
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir:

Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun:

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq Şəmşir:

Sən kamil sərrafsan, göz ustadısan,
Fəhmin, fərasətin öz ustadısan.
Qabil sənətkarsan, söz ustadısan,
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun:

Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Aşıq Şəmşir:

Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı.
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.

Səməd Vurğun:

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir:

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar –
Gəzirəm əlimdə şam-çıraq səni.

Böyük şairimiz Səməd Vurğunla ustadlar ustadı Dədə Şəmşirin tarixi görüşü, şeirləşməsi bütün nəsillərin yaddaşındadır. Gələcək nəsillərə də bu deyişmə bir örnək kimi ötürüləcək.

Mütəxəssislər deyirlər ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzə qədər gəlib çatıb. Dədə Şəmşir haqqında dövrünün alimlərindən professorlar Məmməd Arif, Həmid Araslı, Məmməd HüseynTəhmasib, Mirzağa Quluzadə, Mehdixan Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda onun sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

Yuxarıda qeyd etdiyim kimi ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun “Qızıl Fond”unda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları var. Tədqiqatçı Cəmilə Çiçək də ustad haqqında kitab yazıb.

Unudulmaz görüş…

Respublikanin əməkdar jurnalisti Flora Xəlilzadə 1980-ci ildə 87 yaşında vəfat edən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi, Aşıq Şəmşir haqqında yazır: ”Aşıq Şəmşirin şeirində Kəlbəcər dağlarının ucalığı, çəmənlərinin genişliyi, çaylarının zümzüməsi, gül-çiçəyinin ətri duyulur. Aşıq Şəmşirin şeirlərində Azərbaycan ucalığı, Azərbaycan zirvəsi var. Bu zirvədən yurdumuzun mənzərəsi çox gözəl və cazibəli görünür. Elə bir guşəmiz, bölgəmiz, dağımız , dərəmiz yoxdur ki, Aşıq Şəmşir onun gözəlliyinə heyran qalaraq şəninə şeir qoşmasın. Aşıq Şəmşirin sinəsində vətəndaş ürəyi döyünürdü. Bütün varlığı ilə xalqına, dəlicəsinə sevdiyi Kəlbəcərinə bağlı bir insan idi. Ona hələ sağlığında «Dədə Şəmşir» deyirdilər. Belə bir ifadəni bütöv xalq hər kəsin ünvanına deməz. Bu, Aşıq Şəmşirin ləyaqətli ömrünün el arasında yaratdığı hörmətin, ehtiramın göstəricisi idi.

Ən böyük arzusu Yer üzündə sülhün, dincliyin, halallığın bərqərar olması idi. El aşığı bu fikirdə idi ki, harada doğulmasından asılı olmayaraq Yer kürəsi bütün insanların anasıdır və onu hamı sevməlidir. Nifrət bəslədiyi xüsusiyyət isə yarımçıqlıq, nadanlıq və xəyanət idi. Dədə Şəmşir belələrinə üz tutaraq yazırdı: «Dad əlindən bədəməlin, qayğısını çəkməz elin». Amma yaxşı ki, əli xeyirdə olan mərdanələr var. Yoxsa namərdlər bütün ömrü boyu dünyanı gözübağlı dolanarlar ki, bir kimsənin uğurunu, sevincini, fərəhini görməsinlər. Belə insanların paxıllığı, o qədər çox olur ki, onlar hətta öz doğmalarının da yaxşı gününə ürəkdən sevinməzlər…

Aşıq Şəmşiri ilk dəfə 1973-cü ildə görmüşəm. A.M.Şərifzadə adına Aktyor evində azman sənətkarımızın anadan olmasının 80 illiyi keçirilirdi. Biz bir qrup tələbə onun sənət işığına yığışmışdıq. Fasilədə şair Məmməd Aslan bizi aşıqla tanış etdi. Dədə Şəmşirin öz əli ilə yazdığı açıqcanı bu günə kimi böyük ustaddan nişanə və xatirə kimi saxlayıram. O gün bir ömrə bəs edəcək bir mənalı gecənin şahidi olduq. Səhnədə çox aşıq saz çalıb oxudu, söz dedi. Sonda isə meydana Aşıq Şəmşir gəldi. Bizim nəsil nə Aşıq Ələsgəri görüb, nə də Ağbabanlı Qurbanı. Amma nəfəsləri, sözləri yaşayan misralar, solmayan xatirələr təsdiqləyir ki, onlar necə qüdrətli el sənətkarları olublar. Və birdən-birə bizə elə gəldi ki, səhnədə Aşıq Ələsgərin özünü gördük. Çünki Aşıq Şəmşirə qədərki ifaçıların heç biri məclisi bu dərəcədə ələ alıb təsirləndirə bilməmişdi. 80 yaşlı aşıq səhnədə tufan qopardı. Sazın simlərindən qasırğa yağırdı. Allah, o nə səs idi? O nə zəngulələr, o nə yerişlər idi? Hələ də xəyalımızdan çəkilməyib. Bir bülbül avazı var idi onun nəfəsində. Adama elə gəlirdi ki, o səsin ahəngində Kür Arazla qovuşurdu. Tutqun buludların tən ortasından Ayın gül camalı görünürdü”.

Zəfər, qələbə müjdəsi gözləyir Dədə Şəmşirin ruhu…

Flora Xəlilzadə yazır ki, 1993-cü ilin aprelində Dədə Şəmşirin vətəni Kəlbəcər ermənilər tərəfindən işğal olundu. Dağlar qucağında qərar tutmuş qədim bir elimiz dağıldı. Qonşularımızın bu qovhaqovunda Aşıq Şəmşirin ciyərparaları, doğma qızı, yaxın qohumları qətlə yetirildi. Ata-baba yurdu talan edildi. Bununla bərabər, Aşıq Şəmşirin əski əlifba ilə yazdığı və əksəriyyəti də çap edilməmiş şeirləri yandırıldı. Dədə Şəmşirin Ağdabandakı evini ermənilər külə döndərdilər. Bu, adicə ev yox, 40 mindən artıq eksponatı olan əsl muzey idi. Burada çox mötəbər insanların hədiyyəsi, nişanəsi toplanmışdı. Ustad aşığımızın əlinin, nəfəsinin izi qalmışdı. Elə həmin ildə Aşıq Şəmşirin 100 illiyi tamam olurdu. Təəssüf ki, Kəlbəcərin işğalı kəlbəcərlilərə, bütövlükdə Azərbaycana bu sevinci yaşatmadı”.

Dədə Şəmşir ağır ellərimizdən olan Kəlbəcərdə dünyaya gəldi. Kəlbəcər ruhunu, Kəlbəcər nəfəsini, Kəlbəcər qürurunu,mərdliyini şeirlərində, imran dilli telli sazında yaşatdı. Nəfəs verdiyi hər bir hava dağ havası kimi ürəyimizə yayılır… Kaş o günləri geri qaytara biləydik. Kəlbəcərin bəxtəvər günlərini deyirəm. Əngin zirvələrdə Dədə Şəmşirin sazının səsi yaşayır. Bizi o yurda onun sazının səsi haraylayır. Üzümüz o yanadır – itirdiyimiz yurdlara sarıdır. Zəfər, qələbə müjdəsi gözləyir Dədə Şəmşirin ruhu. O gün isə deyəsən addım-addım bizə yaxınlaşır…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın