Kişilərin qadınlarla bağlı saya-hesaba gəlməyəcək qədər çox düşüncələri var; Fridrix Nitsşe deyir, qadın tanrının ik xətasıydı. deyir, qadının pisi qədər pis, yaxşısı qədər yaxşı varlıq yoxdur. Bəs, qadınlar kişilərlə bağlı nə düşünür?

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Faktor.az sizi maraqlandıran bu sualı nəzərə alıb, qadınları kişilər haqqında danışdırır. “Qadın sözü” layihəsinin sıradakı qonağı jurnalist, esseist Günel Natiqdir.

– Kişilər deyir, qadınları anlamaq çətindir. Hətta, Ziqmund Freyd qadın psixologiyasını otuz il araşdırmağına baxmayaraq böyük suala cavab tapa bilməyib: Əslində, qadınlar nə istəyir? Sizlər bu qədər çətin varlıqlarsınız?

– Qadınlar çox şey istəyir. Əgər bir siyahı tərtib etsəniz, A bəndindən Z bəndinə qədər bütün yerlər hansısa istəklərlə dolu olacaq. Qadınların tələbləri çoxdur. Daim nəsə tələb edirlər, heç nədən məmnun qalmırlar. Qadınlar sadəcə diqqət istədiklərini deyirlər, ancaq məncə istəkləri bununla bitmir. Qadınlar daim bir-birləriylə rəqabət aparırlar. Həm də bu rəqabət bəsit səviyyədə gedir. Filankəsin arvadının bahalı daş-qaşları var, məndə də olmalıdır, fiankəsin arvadıyla qarşılaşacam, ona görə ondan üstün görünməliyəm. Bir tanış qadın vardı, məzarlığa gedəndə (həm də mart ayında!) təzə aldığı şubanı geyinmişdi ki, daim rəqabət apardığı qadın bunu görüb qısqansın. Belə bir bəsit məxluq necə mürəkkəb və ziddiyyətli ola bilər? Məncə, qadınların çətin varlıqlar olduğu düşüncəsini kişilər uydurub.

Qadın sadəcə hiyləgərdir. Düşündüyünü demir. Əsl niyyətini illər boyu gizli saxlaya bilər və kişi bundan baş açmaz. Əslində, bununla bağlı çox söz demək olar, ancaq “qadın həmrəyliyi”nə bir az sayğım var.

Yaxşı ki, mən klassik qadın deyiləm. Bir az Nazim Hikmət şeirindən, bir az romantikadan, bir az xəyallardan, bir az uşaq vaxtı çox sevdiyim futboldan ərsəyə gəlmiş bir varlığam.

– Qadının kişinin qabırğasından yaradılması düşüncəsiylə bağlı nə düşünürsünüz?

– Dini yazılarda belə süjetlər var. Dini mövzular mənim üçün mifdir. Bu iddia da eləcə… Dini təsəvvürlər məndən çox uzaqdır.

– Kişilərdə sizi rahatsız edən cəhət nədir, xoşbəxt edən cəhət nə?

– Kişilərdə məni rahatsız edən onların eqoizmidir. Kişilər ancaq özlərini düşünürlər. Bir də həyatda məqsədləri olmayan kişilər məndə hörmət doğurmur. İnsan həyatının mütləq bir məqsədi olmalıdır. Anlamsız şəkildə yaşayan kişilər məndə qıcıq doğurur. Ürəymin dərinliyində belələrinə hörmət etmirəm. Dostoyevskinin bir qəhrəmanı deyir ki, balaca insanların da ideyası olmalıdır, bunsuz insanlığın varlığını təsəvvür etmək çətindir. Bəlkə, kor-koranə yaşadıqları üçün insanlarda deqredasiya gedir.

Kişilərin heç bir cəhəti məni xoşbəxt etmir, çünki kişilər ümumiyyətlə, heç bir qadını xoşbəxt etməyə qadir deyillər. Belə düşünən qadınlar da ancaq yanılırlar.

– Sizi rahatsız edən kişilər olub? Arxanızca düşən, bezdirən…

– Kişilər məni daim rahatsız edir. Onların diqqəti məndə qıcıq doğurur, çünki özəl həyat arxa plandadır. Mən yaradıcılığımla sevgiliyəm. Yazı yazan vaxt kiminsə məni rahatsız etməsi dəhşətli dərəcədə əsəblərimə toxunur. Bəzən etika çərçivəsindən çıxmalı oluram.

Bəzən yazılarımı oxuyan, mənə rəğbət duyan adamlar mənə məktub yazır. Məni görmək, ünsiyyətdə olmaq onlar üçün maraqlıdır. “Kitab təqdimatıma gələrsiniz”, deyirəm. Əslində, sonrakı kitabımı nə vaxt çapa verəcəyimi bilmədiyim üçün bu dediyim hardasa “yola vermək” adlanır.

Ünsiyyətdə olmaq mənim üçün hardasa əzablı bir işdir. Mən qaradinməz adamam. Səs-küylü yerləri sevmirəm. Mənim aid olduğum yer kompüterimin qarşısıdır. Orda mən xoşbəxt oluram. Kompüterim kişilərdən maraqlıdır. Kompüterimin vasitəsilə təzə nəsə öyrənirəm.

Mən diqqət göstərməsəm də, mənə diqqət yetirən adamlar həmişə olub. Mənə aşiq olan adam vardı, 10 il boyunca onun evlilik təklifini qəbul etməyimi gözlədi. “Sən məni şair etdin”, – deyir. İki şeirlər kitabı var, mənə həsr etdiyi şeirlərdən iki kitab ərsəyə gəlib. “Evlən”, deyirdim, “xoşbəxt ol”, o isə “evlənək, xoşbəxt olaq” deyirdi. İki il qabaq “bəlkə də onu rədd etməklə səhv iş görmüşəm, qəbul etməliydim”, – dedim. Ancaq aradan illər keçmişdi. İkimiz də başqa adam idik. Mən yenidən uzaqlaşdım. O da özündən uzaqlaşdı. Özünə qapıldı.

Məni nəinki bezdirən, gizli təqib edən bir qəribə adam olub. İnanmazsınız, çox qəribə əhvalatdır. Mən bir dəfə tanışlıq saytına girmişdim. İngiltərədən bir adamla yazışdıq. Əsli Türkiyədən idi. 40 yaşlarındaydı. Evlənmək istəyirdi. Onu da deyim ki, yazışmağa mənim qəti hövsələm yoxdur. Ümumiyyətlə, bir adama diqqət göstərəcək hövsələ və vaxtım yoxdur.

Beləcə, məktublarımız seyrəldi. Bir dəfə rəfiqəmlə şəhərə gəzintiyə çıxmışdıq. Mərkəzdə yemək yedik. Şəkil çəkdirdik. Bir az gəzib evə qayıtdıq. Metroda ekskalatorla qalxanda kiminsə nəfəsini duydum. Qəribə təəssürat idi. Ancaq mənim başımı qaldırıb adamların üzünə baxmamaq kimi vərdişim var. Həmin adam qarşıma keçib məndən üst pillədə durdu. Duydum ki, mənə baxır. Mən yenə baxmadım. Ekskalator mənzil başına vardı. Metrodan çıxıb evimizə getdim.

Bir-iki gündən sonra telefonuma zəng gəldi. Həmin adam idi. “Sən nədən öylə dar şalvar geyinirsən?” – deyə soruşdu. Anlaya bilmədim. “Hansı şalvarı deyirsən?” “O bəyaz olan”. “Sən hardan bilirsən?” “Əynində gördüm, Baküdə”. Elə bildim, zarafat edir. Dedim, “sən məgər Bakıdaydın?” Dedi “bəli, Londona təzə gəlmişəm”. Dedim “axı sən mənim ünvanımı filan bilmirsən”. Dedi “istəyən tapar”. Yenə inanmadım. Bu dəfə şəhərdəki gəzintimizi anlatdı. “Rəfiqənlə yemək yediniz, şəkil çəkdirdiniz, mən sizi bütün gəzinti boyu izlədim, metroda yaxınlaşdım, ancaq sən duymadın”.

Qəribə bir şey idi. O mobil telefonumdan başqa mənimlə bağlı heç nə bilmirdi. Soyadımı belə bilmirdi. Londondan Bakıya gəlib məni necə tapmışdı? “Mən səni bir neçə gün izlədim”, – dedi. Bu adam heç demə məni bir neçə gün boyunca izləyib, haraya gedib-gəlməyimlə maraqlanıb. Həyat tərzimin evlə iş arasında keçdiyini öyrənib. “Sən məgər detektivsən?” – deyə əsəbiləşdim. O vaxtdan sonra paronayak olmuşdum. Mənə elə gəlirdi ki, hər yerdə məni izləyirlər. Sonra zaman göstərdi ki, şübhələnməyə əsasım vardı. Bu adam uzun müddət məni izlədi…

– Kişilərdə ilk nəyə önəm verirsiniz? Ağıl, pul, yoxsa yaraşıq?

– Mən elə düşünürəm ki, kişilər maket deyil. Ya da rəsm əsəri deyil ki, baxıb zövq alım. Ağıl da nisbi bir şeydir. Pul da arxa plandadır. Mənim yumor bacarığı olan, məni güldürə bilən kişilər xoşuma gəlir. Deyirlər, qadınlar onları güldürən kişiləri sevirlər, bu doğrudur.

İnsan maraqlı olmalıdır. Mən maraqlı adamları sevirəm. Məsələn, Puşkin balacaboy, çox çirkin adam imiş, ancaq qadınlar onu çox sevirmiş, çünki insanları özünə cəlb eləmək istedadı varmış.

– Kişilərin təklifinə ilk reaksiyanız necə olur? “Hə”, yoxsa “hə” demək istəyib süründürmək üçün “yox” deyirsiniz?

– Kişilərə hər hansı təklif etməyə şərait yaratmıram. Bəzən etika xatirinə hansısa kişiylə xoş danışanda elə hesab edir ki, onu bəyənirəm. Belə düşüncədə olana öz yerini göstərirəm, çünki etik kəlmələrdən bir çoxu anlamır.

“Süründürmək” və bu kimi kəlmələr mənə görə deyil. Mən klassik qadın üslubunda deyiləm. Mən uşaqla qarı arasında gedib-gələn bir adamam. Həm uşaq oluram, həm müdrik. Bunu isə hər adam anlaya bilməz. Ümumiyyətlə, kişilər bu incəlikləri anlamaq duyğusundan uzaqdırlar.

– Uşaq vaxtı sevdiyiniz, kumiriniz olan kişi olub?

– Uşaq vaxtı kumirlərim futbolçular olub, ancaq onlara kişi kimi baxmamışam. Maradonanı ustad kimi sevirdim. Qullitə özümü oxşadırdım. Bir az oğlansayaq idim.

Türkiyədə bir aparıcı-aktyor var – Behzat Uygur, bir ara ondan xoşum gəlirdi. Hündür, xarizmatik, ağsaçlı adamdır. Yaxşı yumor hissi var. Maraqlı rəqs edirdi. Başqa diqqətimi çəkən bir aktyor, ya bir məşhur xatırlamıram.

– Heç kişilərin yerində olmaq və gözəl bir qadına kompliment demək istəmisiniz?

– Məndə qısqanclıq hissi yoxdur, gözəl qadınlara həmişə kompliment deyirəm. Qadınlarda zövqü və şarmı qiymətləndirirəm. Zövqsüz qadınları görən gözüm yoxdur. Qadın çirkin ola bilər, amma zövqsüz əsla.

Amma qadınlar bir-birinə kompliment deməyi qəti sevmirlər. Məncə, bu özgüvənin olmamasından irəli gəlir. Əgər birini qəbul edə bilmirsənsə, deməli, onu özündən üstün hesab edirsən və bununla barışa bilmirsən. Belə qadınlara özüylə və həyatla barışmağı tövsiyə edərdim.

– Xəyanətə uğrasanız, nə edərdiniz? Xəyanətə uğradığınız, aldadıldığınız olub? Və bu baş verəndə reaksiyanız necə olub? Ümumiyyətlə, “kişilər xəyanətkardır” fikrinə münasibətiniz necədir?

– Kişilər əlbəttə ki, xəyanətkardır, çünki bir qadınla kifayətlənmək onların psixologiyasına yaddır. Bəziləri onları üstələyən şəhvət hissinin qurbanına çevrilirlər və hər qadında özlərinə partnyor axtarırlar. Qadının baxışı, səsi, görüntüsü bu adamlarda müxtəlif fantaziyalar yaradır. Psixoloji problemdir, əslində. Bəziləri stimul kimi çoxsaylı qadınlarla görüşür, bu onu müəyyən qədər həyata bağlayır. Yeni təəssüratlar, yeni hisslər… Yeni qadın yeni həyat qaynağıdır. Amma bu hisslərin təməli möhkəm olmadığı üçün çox sürmür.

Xəyanət adi insanlıq halıdır. Bütün insanlar xəyanətə meyllidir. Hər hansı mənada insanların əksəriyyəti xəyanətə uğrayır. Bəziləri bunu bilir, bəziləri isə heç fərqində deyil. Hər qadın özünü kişinin həyatında sonuncu və vazkeçilməz sanır. Bu çox sadəlövhcə bir aldanışdır.

Amma bu, nəzəriyyədir. Reallıqda isə xəyanətkar adamlara qarşı allergiya var məndə. Bəzən xəyanətin elə təzahürləri haqqında eşidirəm ki, həmin adamlara uzaqdan- uzağa nifrət edirəm.

Xəyanət insanın qüruruna toxunan bir şeydi. Həyat yoldaşım mənə xəyanət edəndə öz-özümə deyirdim, eybi yox, Merilin Monronu da aldadıblar…

Mən xəyanəti bəlkə də bağışlayıram, amma nəyə görə bağışladığımı əsla unutmuram.

– Atanızı bir kişi kimi necə xarakterizə edərdiniz?

– Mənim atam dünya ədəbiyyatının qadın obrazlarından çox bəhs edirdi, onda intuitiv duyum vardı, bəzən hansısa yazıçının qadınlara nifrət etdiyini deyərdi və bunu elə əsaslandırardı ki, şübhəmiz qalmazdı.

Gözəllik vurğunuydu. Təbii, gözəlləri dəyərləndirərdi. Makiyajı sevməzdi, bizə də sadə olmağı tövsiyə edərdi.

Ümumiyyətlə, mən həmişə elə bilirdim, kişi elə mənim atam kimi olmalıdır. Ciddi, qaşqabaqlı, həyat yoldaşıyla məsafə saxlayan, kopliment deməyən. Sonra təbii ki, baxışım dəyişdi.

Atam anama deməsə də, başqa qadınlara tez-tez komplimentlər deyirdi, çünki onun içində balaca, hiyləgər bir adam vardı, o, bu təriflərlə insanlara özünü yaxın hiss etdirməyi, onların könlünü qazanmağı sevərdi.

Ona görə və təbii ki başqa üstün cəhətlərinə görə, ən əsası, maraqlı və savadlı insan olduğuna görə, onu çox sevərdilər.

Yazar: Hikmət Orhun (Faktor.az)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın