Fransada Azərbaycanın Dostları Assosiasiyası Respublikaçılar Partiyasının prezidentliyə namizədi Valeri Perkesin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə etirazını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambertin imzaladığı bəyanatda birmənalı şəkildə bildirilib ki, xanım Perkesin bu addımı təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisinin bir parçası kimi tanınır:

“Bu əraziyə səfər Azərbaycanın suveren hakimiyyət orqanları olmadan təsəvvür edilə bilməz. Əgər xanım Perkes sülhü müdafiə etmək istəyirsə, tarix dərslərini yenidən nəzərdən keçirməklə başlamalıdır. Qarabağa səfər etməklə Azərbaycanın suverenliyini pozaraq, təxribat törədir və sülh quruculuğunda hər hansısa rolu oynamaq hüququndan özünü məhrum edir”.

Qeyd edilib ki, Azərbaycan da Fransa kimi dünyəvi ölkədir: “Buna görə də biz başa düşə bilmirik ki, bu seçkiqabağı kampaniya zamanı edilən bəyanatlar niyə şərqi xristianlara qarşı qondarma bir dini təhlükənin qabardılmasına doğru yönəldilir. Papa həzrətlərinin son illərdə bir neçə dəfə səfər etdiyi Azərbaycan ərazisində xristianlar tam əmin-amanlıq şəraitində yaşayırlar”.

Assosiasiya nəzərə çatdırıb ki, Qarabağ münaqişəsi iki dövlət arasında sırf ərazi münaqişəsi olub: “Ermənistan otuz il ərzində BMT Təhlükəsizlik Şurasının qınaqlarına baxmayaraq, Azərbaycan ərazisinin demək olar ki, 20%-ni hərbi yolla işğal altında saxlayıb. Ötən il atəşkəsin bərpa olunmasından sonra bu ərazilərin qanuni yolla geri alınması Fransanın 1918-ci ildə Elzas-Lotaringiyanı alman işğalçı qüvvələrindən azad etməsi kimi beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirilməlidir”.

Azərbaycanın Dostları Assosiasiyası hesab edir ki, “Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün beynəlxalq hüququn elementar normalarına hörmət edərək qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər. Xanım Perkes xırda siyasi hesablamalarında bunu bilərəkdən unudub və o, iddia etdiyi sülh tapmaq məsuliyyətini nəzərdə tutan mövqeyə layiq olmaqdan uzaqdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın