Avropa Birliyində islamofobiya problemi ilə bağlı araşdırmalar aparan Türk-Alman Universitetinin professoru Enes Bayraklı və CorcTaun Universitetinin professoru Fərid Hafezin hazırladıqları “Avropada İslamofobiya Hesabatı-2020” (European Islamophobia Report 2020) Avstriyadakı Leopold Veyss İnstitutu tərəfindən dərc edilərək yayılıb.

Müxtəlif ölkələrdən 37 alim, ekspert və ictimai fəalların da hazırlanmasında iştirak etdikləri 886 səhifəlik hesabatda Avropanın 31 ölkəsində İslama və müsəlmanlara qarşı düşmənçilik meylləri araşdırılıb.

European Islamophobia Report 2020

Hesabatla bağlı prosesi Beynəlxalq İslamofobiya Tədqiqatları və Araşdırmaları Cəmiyyəti (International Islamophobia Studies and Research Association, IISRA), Kaliforniya Universitetinin Fərqliliklər və Aidiyyat İnstitutu (Othering and Belonging Institute at the University of California), Rutgers Universiteti nəzdindəki Təhlükəsizlik, İrq və Hüquqlar Mərkəzi (Center for Security, Race, and Rights at Rutgers University), Kaliforniya Universitetinin İrq və Cinsiyyət Mərkəzinin İslamofobiyanın Araşdırılması və Səndləşdirilməsi Layihəsi (International Islamophobia Studies Center, the Islamophobia Research and Documentation Project (IRDP) at the Center for Race and Gender at University of California), San-Fransisko Universitetinin nəzdindəki Ərəb və Müsəlman Etnosları ilə DiasporlarıTədqiqatları Mərkəzi ( Arab and Muslim Ethnicities and Diasporas (AMED) Studies at San Francisco State University) və Leopold Veyss İnstitutu dəstəkləyiblər.

Dünyada olduğu kimi, Avropa Birliyi ölkələrində də koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhdudiyyətlər tətdiq olunduğundan, fiziki olaraq islamofob aksiyalar, yürüşlər, mitinqlər və b. azalıb. Ancaq islamofobiya sosial media ilə sosial şəbəkələrə sıçrayaraq həmin “məkan”larda özəlliklə genişmiqyaslı, aqressiv olub. Daha konkret olsaq, Avropa Birliyi ölkələrində islamofobiya sürətlə artaraq kritik həddə çatıb.

Hesabatın üz qabığında Fransa prezidenti Emmanuel Makronun əks olunması da əsla təsadüf deyil. “Emmanuel Makron Avropada sağçı siyasətin əsas nümayəndələrindən biri sayılır. Elə bu fakt Avropa siyasətində sağçılığın daha da radikallaşaraq islamofobiyaya yuvarlandığına dəlalət edir. Avstriyada olduğu kimi, Fransada da müsəlmanlar həddən ziyadə sərt dövlət zorakılığı ilə üzləşiblər. Həmin zorakılıq terrorizmlə mübarizə bəhanəsi ilə leqallaşdırılaraq legitimləşdirilib”, – hesabatda deyilir.

Fransada İslama və müsəlmanlara qarşı təqiblərin artmasına bu ölkədə fəaliyyət göstərən “Kollektiv Fransada İslamofobiyaya Qarşı” (Collectif contre l’islamophobie en France, CCIF) qapadılması dəlalət edə bilər. Sadəcə, bu fakt Fransada dövlət səviyyəsində İslam düşmənçilyinin hansı həddə çatdığını göstərir.

Fransanın hakimiyyət çevrələri bəyan edirlər ki, “Terrorizmlə və separatizmlə mübarizə haqqında” qanun ölkədə dünyəviliyin mühafizəsinə yönəlib. Əslində bu qanun din azadlığını məhdudlaşdırır, müsəlmanları marginallaşdırır. 3,5 milyon müsəlmanın yaşadığı, Avropada ən böyük müsəlman icması olan Fransada sözügedən qanun müsəlmanların həyatlarının bir çox sahəsini məhdudlaşdırır, onların hüquqlarına aşkar təcavüz edir.

Fransa ilə yanaşı, Almaniya və Avstriyada da islamofobiya güclənir, miqyasca böyüyür, sərtləşir və institutionallaşır. Məsələn, Almaniyada dini düşmənçilik zəminində 31 min qanun pozuntusu qeydə alınıb. Fransada bu rəqəm 1142-yə bərabərdir.

Ancaq bu, islamofobiyanın Fransa ilə müqayisədə Almaniyada daha geniş yayılmasını göstərmir. Tam əksinə, Almaniyadan fərqli olaraq Fransada polislər müsəlmanlara qarşı dini zəmində törədilən qanun pozuntuları və cinayətləri sənədləşdirməyə tələsmir, əksər hallarda bunu etmirlər. Reallıq isə budur ki, Fransada müsəlmanlara qarşı cinayətlərin sayında 14 faiz, dini zəmində hədələrin, qısnamaların və təhdidlərin statistikasında isə 79 faizlik artım var.

Bütün bunlarla yanaşı, Avropa Birliyi ölkələrində sosial şəbəkələrdə müsəlmanlara qarşı nifrət zəminində kiberhücumların, təhdid və təhqirlərin sayında da ciddi artım qeydə alınıb. Ekspertlərin fikrincə, AB ölkələrində islamofobiyanın artıq nifrət cinayəti kimi rəsmiləşdirilməsinə və tanınmasına ciddi zərurət duyulur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın