Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib.

İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.

“Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”, – məlumatda bildirilib.

Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraq Respublikasından ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.

“Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Uşaqların Azərbaycana gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiya olunmuş fəaliyyət və mərhələli tədbirlər nəticəsində mümkün olub. Prosesə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.

Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib.

Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, toplam 288 nəfər Azərbaycan vətəndaşı İraq Respublikasından repatriasiya edilib.

Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin durumunun dəyərləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, uyğun sənədlərin hazırlanması yönündə iş aparılır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın