Son günlər İran İslam Respublikasını etiraz dalğası bürüyüb. Hökumət əleyhinə aksiyalara səbəb milli valyutanın kursunun kəskin düşməsi olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.Az bunun nələrə səbəb olacağı, gələcəkdə hansı hadisələrin baş verə biləcəyi və Azərbaycana təsiri ilə bağlı ekspertlərin nə düşündüklərini öyrənib.

Müxbirlə danışığında Yaxın Şərq üzrə azərbaycanlı ekspert, “The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadə deyib ki, bu gün üzə çıxan problem uzun müddətdir mövcuddur və çoxlu səbəbləri var.

“Narazılığın başlıca səbəbləri inflyasiya, milli valyutanın dəyərinin düşməsi, işsizlik, vətəndaş azadlığının olmamasıdır. Bu problemləri yaradan səbəblər var.

Əgər yadınızdadırsa, 2017-ci ilin sonu və 2018-ci ilin əvvəllərində İranda genişmiqyaslı aksiyalar keçirildi, ancaq hökumət bu etiraz dalğasının qarşısını ala bildi. Bu gün gördüklərimiz isə kifayət qədər məhdud xarakter daşıyan lokal aksiyalardır”, – ekspert deyib.

Müsahibimizin düşündüyünə görə, bu, gərginliyin azaldığı anlamına gəlmir.

“Bir neçə gün öncə ABŞ prezidenti İrana qarşı sanksiyaları bərpa etdi və bu, son deyil, əlavə sanksiyaların tətbiqi gözlənilir. Bundan başqa, ABŞ İran neftini alan xarici şirkətlərə də təzyiq göstərir ki, onlar İranla əməkdaşlığı dayandırsınlar. Ona görə də vəziyyət get-gedə gərginləşəcək və bu, İranda genişmiqyaslı etiraz aksiyalarına səbəb ola bilər”, – Hacızadə bildirib.

Onun sözlərinə görə, İranda hadisələrin hansı yöndə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, ancaq seçim çox da böyük deyil – ya yerli aksiyaların ölçüsü böyüyəcək və bu, İranda hakimiyyət dəyişikliyinə səbəb olacaq. Hətta ekspert düşünür ki, vətəndaş müharibəsini də istisna etmək olmaz; ya ali dini lider Xameneyi “günahkarları” tapacaq və ölkədəki durumu müvəqqəti sakitləşdirəcək; ya da ki İranda kütləvi etiraz aksiyaları fonunda iqtisadi durum getdikcə pisləşləcək”, – o vurğulayıb.

İrandakı olayların Azərbaycana təsiri məsələsinə toxunan politoloq deyib ki, İranda və ya İranla birgə həyata keçirilən bir sıra layihələrin olduğunu bilirik.

Layihələrdən biri İranla birlikdə Azərbaycvanda avtomobil müəssisələrinin yaradılması, başqa nəhəng layihə isə İran dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, ya da yeni dəmir yolu xətlərinin tikintisidir (Bu işlər İranda Azərbaycanın ayırdığı kredit hesabına həyata keçirilir – red.)

“Bu layihələr ABŞ sanksiyaları altına düşə bilər. Həmçinin, İrandan Azərbaycana turizm axınının kəskin azalması müşahidə olunur.

Ancaq ən önəmli məsələ budur ki, əgər İranda kütləvi aksiyalar və hətta vətəndaş müharibəsi başlasa, Azərbaycana müəyyən sayda miqrant axını müşahidə edilə bilər”, – Hacızadə əlavə edib.

Rusiyalı politoloq Qriqori Trofimçuk Oxu.Az-ın müxbiri ilə söhbətində vurğulayıb ki, İranda durum son illər boyunca tədricən qızışdırılıb. Əsas parametrlər üzrə durum daha da pisləşir.

“Ən başlıcası, Donald Trampın rəhbərliyi altında Tehranla Vaşinqton arasındakı münasibətlərin kəskinləşməsi deyil, sosial-iqtisadi durumdur. Bunlar heç də əlaqəli deyil.

Əgər İran rəhbərliyi daxili durumu sakitləşdirə bilsəydi, mənfi tendensiyanı dayandırmaq olardı. Bu məqsədə çatmaq üçün ehtiyatlar var. İran beynəlxalq səviyyədə tərəfdaşları ilə qarşılıqlı fəaliyyətə üstünlük verə bilər”, – müsahibimiz qeyd edib.

Trofimçuk əlavə edib ki, əks halda göstəricilərinin aşağı düşməsi davam edəcək.

“Bu, bölgədəki hər kəsə təsir göstərəcək. Ən pis variant hansısa məqamda Qarabağ ətrafında mənfi tendensiyaların birləşməsi ola bilərdi. Onda bütün Cənubi Qafqaz zərər çəkəcək”, – ekspert bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın