Gürcüstan hakimiyyəti qarşıdurmadan qaçmaq üçün aclıq aksiyası keçirən eks-prezident Mixail Saakaşvilini özəl klinikaya göndərməkdən imtina edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Gürcüstan Baş naziri İraklı Qaribaşvili deyib.

“Onun (Saakaşvili – red.) planına görə, biz onu özəl klinikaya yerləşdirməliyik. Məlumdur ki, özəl klinikalarda heç bir təhlükəsizlik tədbiri yoxdur. İndi koronavirus pandemiyası hökm sürür. Orada çox sayda ziyarətçi, pasiyent var. Bundan başqa, onların (Saakaşvili tərəfdarları – red.) planı 4-5 min, ya da 10 min insanı bir yerə toplamaqdır. Belə olan halda, biz polis yerləşdirməli, xüsusi vasitələr tətbiq etməli və əbədi xaos-iğtişaşlar içində qalmalı olacağıq”, – deyə Qaribaşvili bildirib.

İrakli Qaribaşvilinin sözlərinə görə, qanunda yazılıb ki, insanın intihar haqqı var: “Əgər Mixail Saakaşvili özünü öldürmək qərarı versə, o özünü öldürə bilər. Əlbəttə ki, dövlət buna görə məsuliyyəti üzərinə götürməyəcək”, – deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, Saakaşvilinin vaxtından qabaq azadlığa buraxılması və Ukraynaya təhvil verilməsini gözləməyə dəyməz. Baş nazirin sözlərinə görə, bu hakimiyyətin ölkənin qanunlarına hörmət etmədiyi anlamına gələr.

Qeyd edək ki, aclıq aksiyası keçirən gürcü siyasətçi Mixail Saakaşvili öncə tibbi yardımdan imtina etsə də, sonradan həkimlərin müayinəsinə icazə verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın