Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev dedi:

– Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən doğurdan da çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz üçün önəmli olan bu tədbirdə iştirak etməyə vaxt tapmısınız. Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə ən xoş salamlarımı çatdırmağı xahiş etmək istərdim.

Mənim ölkənizin rəhbərləri ilə görüşlər və qardaş Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərim zamanı mənə göstərilən böyük qonaqpərvərlik yadımdadır. Çıxışımda vurğuladığım kimi, işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. Biz bunu doğurdan da yüksək dəyərləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi sayırıq.

Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir.

Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, özəlliklə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım.

Hesab edirəm ki, biz artıq bu önəmli infrastruktur layihəsinin yerinə yetirlilməsi zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini gözdən keçirə bilərik.

Çox şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə OPEC+ formatında və ikitərəfli əlaqələr sahəsində sizin təmaslarınız haqqında müntəzəm olaraq məlumat verir.

Mən investorları cəlb etmək məqsədimizə nail olduğumuzu yüksək dəyərləndirirəm və bu investorun bu sahədə dünyada ən aparıcı şirkətlərdən biri və qardaş ölkədən olması məni şəxsən sevindirir. Bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir.

Əminəm ki, sizin bizi ziyarət etmək üçün daha çox vaxtınız olacaq. Qeyd etdiyiniz kimi bu, sizin Azərbaycana ilk səfərinizdir. Ümidvaram ki, biz sizi daha da çox görəcəyik. Bir daha xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfərindən məmnunluq duyduğunu dedi. Qonaq özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda fəal çalışdıqlarını vurğulayaraq qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirdi.

Əbdül Əziz bin Salman Əl-Səud yaxın vaxtlarda daha geniş əlaqələri əks etdirən əməkdaşlıq müqaviləsi layihəsinin təqdim olunacağına ümidvarlığını ifadə etdi.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri əlaqalərimizin uğurla inkişaf etdiyini bildirərək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin önəmini vurğuladı. Nazir səmərəlilik, bərpaolunan enerji mənbələri və başqa aspektlər üzrə baxışlarımızın üst-üstə düşdüyünü məmnunluqla bildirdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın