Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

YALAN.info bildirir ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi. İ.Əliyev BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.

Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğuladılar.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin önəmli uğurlara imza atdığını, ciddi texnoloji uğurlar əldə etdiyini dedi, bu münasibətlə təbriklərini çatdırdı.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar və qələbələr münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi. Dəvət BƏƏ Prezidenti tərəfindən minnətdarlıqla qəbul olundu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın