Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov uyğun icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə hər biri 15 sutka həbs cəzası alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, müğənni Manaf Ağayev və Sənan Hüseynov uyğun icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə ötən gün polisə çağırılmışdı. Polis onlara protokollar tərtib edilib və protokolları məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov cəzalandırılıblar.

Yada salaq ki, Manaf Ağayev özünün “Mercedes Maybach” avtomobili ilə Füzuli Aeroportunun qarşısından çəkilmiş videosunu Instagram səhifəsindən yaymışdı. Həmin videoda onu iş adamı olduğu bildirilən dostu S.Hüseynov AA seriyalı “Mercedes”lə müşaiyət edirdi. Əslən Füzulidən olan müğənni doğma torpaqlarına qovuşduğu üçün dualar etmişdi və vətən həsrətli mahnı da oxumuşdu.

Ancaq video sosial şəbəkələrdə qıcıq doğurub. Tənqidlərdən sonra M.Ağayev həmin paylaşımını silib. Məsələ hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və indi məşhur müğənni Füzuliyə icazəsiz qovuşduğu üçün 15 sutka həbsdə qalmalı olacaq.

Müğənninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün AzXeber.com saytının əməkdaşı dünən Manaf Ağayevlə əlaqə saxlayıb. O, Füzuliyə ayda bir neçə dəfə getdiyini bildirib. Müğənni həmçinin işğaldan azad edilmiş əraziyə getdiyi avtomobili bahalı adlandıranlara da cavab verib:

“Mən elə ayda bir dəfə, iki dəfə Füzuliyə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm. 4 ildir bu maşın məndədir, gedin ayrı “tema” tapın”.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın