Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, diplomatları Ağdama səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı Soyqırımı ilə bağlı danışıb, Soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri və səfirliyin nümayəndələri Ağdam şəhərində yerləşən Cümə məscidində namaz qılıblar.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

Nümayəndə heyəti Şahbulaq qalasında olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib. Diplomatlar həmçinin qalanın yaxınlığında yerləşən bulağı da ziyarət ediblər.

Tədbir iştirakçıları həmçinin şəhərin gələcək inkişaf planı ilə tanış olub, Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Yeni Zelandiya səfiri: “Ağdamdakı dağıntılar məni kədərləndirdi”

“Ağdamdakı dağıntılar məni kədərləndirdi. Keçmişdə çəkilmiş fotolarla müqayisə etsək, buranın tamamilə dağıdıldığını görə bilərik”.

Bu fikirləri “Report“a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində işğaldan azad olunmuş Ağdama səfər edən Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vendi Hinton deyib.

Diplomat Yeni Zelandiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasının bəzi aspektləri ilə maraqlana biləcəyini deyib.

“Yeni Zelandiyanın xüsusi texnologiyası, eləcə də kənd təsərrüfatı texnologiyası, davamlı enerji texnologiyalar var ki, sizin də bu sahədə maraqlı olduğunuzu bilirəm,” – V.Hinton deyib.

İqtisadi əlaqələrin inkişafına toxunan diplomat Yeni Zelandiyanın artıq Azərbaycana yağ və şərab satdığını yada salıb: “Düşünürəm ki, indi aramızdakı ticarətin həcmi kiçikdir, ancaq vaxt keçdikcə onu genişləndirə biləcəyimizə ümid edirəm”.

Somali səfiri: “Qarabağın işğaldan azad edilməsi tarixi andır”

“Bu gün Ağdama səfərimiz əla bir fürsət idi, çünki burada kədərli tarixdən yeni tarixə, yeni başlanğıca keçidin şahidi olduq. Azərbaycan hökumətini ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm”.

YALAN.info bildirir ki, bunu “Report”a Somalinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cama Abdullahi Mohammed deyib. Diplomat Ağdama səfərin onda ikili təəssürat yaratdığını deyib:

“Bir tərəfdən məhv edilmiş və əhalisi qaçmağa məcbur qalmış şəhəri görürük. Buna görə bu şəhərin kədərli bir tarixə sahib olması təəssüratı yaranır. Ancaq sevindirici təəssürat odur ki, əhali bura qayıdır və onlar burada şəhərlərini yenidən quracaqlar”.

Səfir, həmçinin Ağdamdan və Qarabağdakı başqa şəhərlərdən qaçmaq məcburiyyətində qalan insanların geri qayıtdıqlarına görə sevindiyini deyib.

“İnsanlar evlərinə qayıdır, evlərini bərpa edir və buna görə Azərbaycan xalqını və hökumətini təbrik edirik”, – diplomat deyib.

O, həmçinin Qarabağın işğaldan azad edilməsinin tarixi bir an olduğunu bildirib: “Mən də bu tarixi məqamda Azərbaycanda səfir olduğum üçün çox qürur duyuram”.

Ukrayna səfiri: “Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə davam edir”

“Mən Ağdamda iki ay öncə olmuşam. Hətta bu iki ay boyunca Ağdamda aparılan işlərin nəticəsini görmək olar. Özəlliklə burada yeni yolun necə sürətlə tikildiyini görmək olur. Bu o deməkdir ki, burada minalardan təmizləmə prosesi uğurla davam edir”.

Bu fikirləri “Report“a Ukraynanın xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində işğaldan azad olunmuş Ağdama səfər edən Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Diplomat şəhərin onda ikili təəssürat yaratdığını deyib: “Bir tərəfdən burada həyat fəaliyyətinin tezliklə bərpa olunacağını görürük. Digər tərəfdən isə Ağdamı sanki ağ vərəq kimi görürəm – burada yalnız məscid qalıb”.

Səfir həmçinin Ağdamın yenidən Azərbaycanın vizit kartına çevriləcəyini deyib.

İtaliya səfiri: “Şirkətlərimiz Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır”

“Ağdam şəhərində hər şey məhv edilib. Bu şəhərin böyük ağrısını duymaq, insanların burada çətinlik çəkdiyini görmək olur. İndi yenidən başlamağın, yenidənqurma barədə düşünməyin vaxtıdır”.

Bunu “Report”a İtaliyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Klaudio Taffuri deyib. K.Taffuri Qarabağın yenidən qurulması prosesində İtaliyanın da iştirak etməyə hazır olduğunu bildirib.

“Bir çox İtaliya şirkəti buna hazırdır və yenidənqurma işində iştirak etməyə ümidvardırlar”, – diplomat bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın