“Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymalıdır”.

YALAN.info bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qafqaz regionu dəyişib.

“Azərbaycan Ermənistana münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdi. Bu yöndə ilk addım Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsi üzrə danışıqlardan başladı, hansı ki, yekun olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanımalıdır”, – H.Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, bu prosesə paralel olaraq Türkiyə də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başlayır:

“Biz bu prosesin Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yönündə sinxron və paralel inkişafını dəstəkləyirik. Bizim niyyətimiz müsbətdir, çünki Ermənistana mehriban qonşuluq münasibətləri təklif edirik. Ermənistanın Qafqazdakı strateji regionu dəyərləndirməsinin vaxtı çatıb. Belə ki, İrəvan öz qonşuları, özəlliklə Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini yeniləməyə qərar verməlidir”.

H.Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik sənəddən də danışıb.

“Biz erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etdik. İlk növbədə Ermənistan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O, həmçinin bizə qarşı torpaq iddialarından çəkinməlidir. Bütün bunlar Helsinki sazişinin prinsiplərini özündə əks etdirən bu sənəddə vurğulanıb”, – Prezidentin köməkçisi bildirib.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan-İran münasibətlərinə də toxunub:

“Bu gün biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu illər boyunca biz həmişə mehriban qonşuluq münasibətlərini gücləndirmişik. Bu yaxınlarda imzalanmış anlaşma memorandumu regionun nəqliyyat xəritəsini dəyişir. Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində indi iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək”.

Гаджиев: Армения должна положить конец территориальным претензиям

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın