“Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına baxmayaraq savaşırlar. Bizim (Azərbaycan və Türkiyə – Red.) etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün də örnəkdir”.

YALAN.info bildirir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatına müsahibəsində bu ölkənin Azərbaycanla münasibətlərindən danışarkən deyib.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hər kəs üçün çox önəmli olduğunu deyib: “Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq birliyi yaratdıq”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir. H.Hacıyev vurğulayıb ki, Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır.

“Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim birliyimizi qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi”, – Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

“Bir mövzunu özəl olaraq vurğulamaq istəyirəm: Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq”, – H.Hacıyev vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın