İran İslam Respublikasında bir neçə nəfərin koronavirusun (COVID-19) “Omikron” növünə yoluxduğu təsdiq olunub. Artıq bir sıra xəstəxanalara müraciət edən adamlardan götürülmüş analizlər bunu sübut edir. Gürcüstanda da iki nəfər koronavirus xəstəsində “Omikron” ştamı aşkar olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanda koronavirus infeksiyasının yeni “Omikron” ştamına yoluxma ilə bağlı fakt aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilən məıumata görə, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Uyğun yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə toplam 610 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 min 338 nəfər müalicə olunaraq sağalıb, 8 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 349 nəfərdir.

“Omikron” ştamı İranda

İranın səhiyyə nazirinin müavini Məhəmməd Haşemi bildirib ki, “Omikron” ştamının yayılması peyvəndin 3-cü dozasının vurulmasını zərurətə çevirib. Üçüncü dozanı vurduranların “omikron”a yoluxarkən ölüm riski aradan qalxır. Onun sözlərinə görə bu ştamın çox sürətlə yayılma imkanı var. Bu səbəbdən əhali diqqətli olmalı və kütləvi toplantılardan çəkinməlidirlər.

Nazir müavini qeyd edib ki, bu günə kimi İranda əhalinin 87 faizi birinci, 72 faizi isə peyvəndin hər iki dozasını vurdurub.

İranın Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə ərazisində 2 min 390 nəfər koronavirusa yoluxub, 41 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda virusa yoluxanların toplam sayı 6 milyon 173 min 369-a, ölənlərin toplam sayı isə 131 min 124-ə çatıb.

Müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 2 min 390 COVID-19 xəstəsinin durumu ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 9 min 489 xəstə sağalaraq evə buraxılıb.

“Omikron” ştamı Gürcüstanda

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin verdiyi məlumata görə, ölkədə “Omikron” ştamına yoluxan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlardan biri ABŞ-dan, digər isə Dubaydan səfərdən qayıdıb. Xəstələrin hər ikisi təcrid olunub, təmasda olduqları 26 nəfərlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son sutkada Gürcüstanda daha 1296 nəfər koronavirusa yoluxub, 45 pasiyent isə pandemiyanın qurbanı olub. Bununla da, Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların toplam sayı 910 456-ya, sağalanların sayı 863 076-ya, bu virusdan ölənlərin sayı isə 13 116-ya çatıb.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştammı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Rusiya, indi isə Gürcüstan və İranda da yeni ştama yoluxma halları qeydə alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın