Azərbaycanın qadın şahmatçıları arasında liderlərdən olan Günay Məmmədzadə Dünya kubokunda iştirak etməyə bilər.

Uşaqlar-gənclər arasında Avropa və dünya çempionatlarında, Gənclər arasında keçirilən Olimpiadada ümumilikdə beş qızıl medal qazanan, ötən il Milli komandamıza Avropa çempionatında bürünc medalı qazandıran 19 yaşlı şahmatçı gözlənilməz problemlə üzləşib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Günay Məmmədzadə Azerisport.com-a müsahibəsində üzləşdiyi problemlərdən, federasiyanın ona dəstək göstərməməsindən danışıb:

“Federasiyanın prezidenti Elman Rüstəmov beş ay qabaq – komandalararası Avropa çempionatı öncəsi bizi qəbul etdi. Mən ondan 2020-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlaşmağa kömək etməsini xahiş etdim. Elman Rüstəmov kömək edəcəyinə söz verdi. Biz Avropa çempionatından uğurlu çıxışla qayıtdıqdan sonra da federasiya rəhbərliyi bizimlə görüşdü. Mən həmin vaxt Elman Rüstəmovdan dünya kubokuna hazırılıq proqramı ilə bağlı müraciət etdim. Mənə dedilər ki, heç bir problem olmayacaq. 5 ay keçməsinə baxmayaraq, federasiyadan heç nə verilmədi. Bizim müraciətlərimiz isə cavabsız qaldı. Yeri gəlmişkən, federasiya tərəfindən söz verilməsinə baxmayaraq, Cəbəlüttariqdəki beynəlxalq turnirdə də iştirak edə bilmədim”.

Gənc şahmatçımız federasiya tərəfindən ona ikili standartlarla yanaşıldığından gileylənib:

“Milli çempionatda oynamamağımın başqa bir səbəbi var. Bu, millidə oyunçu kimi illərlə aldığım təqaüdlə əlaqədardır. Artıq üç aydır ki, təqaüd almıram. Çünki ilin əvvəlində şərtlər məni qane etmədiyi üçün yeni müqavilə bağlamamışam. Kişilərdən ibarət yığmada komanda liderləri digər oyunçulara nisbətən daha yüksək məbləğ alırlar. Ancaq qadın komandasında dünya reytinqi rol oynamır, hər kəsə eyni məbləğ ödənir. Maraqlıdır ki, bir neçə il əvvəl qadın komandasında liderlərin və digər şahmatçıların aldıqları məbləğlərdə fərq var idi. Ancaq indi bu belə deyil. Mənə münasibətdə ikili standartlar özünü göstərir”.

Günay Məmmədzadə federasiyadan gözlədiyi dəstəyi almayacağı halda, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında çıxış edəcəyini istisna etməyib:

“Şahmatda hazırlıq üçün nə stadion, nə arena tələb olunur. Sadəcə “Skype” və məşqçi kifayətdir. Xarici mütəxəssis də tələb etmirəm. Məşqçimdən razıyam. Maddi tərəfdən atam dəstək göstərir. Ancaq ailəmin imkanları da bir yerə qədər kifayət edir. Federasiya dəstək olmur, sponsor cəlb etməyə də mane olurlar. Üstəlik, dünya çempionatına hazırlıq planlarımla heç maraqlanmadılar. Bir az gözləmək niyyətindəyəm, amma məni görməzdən gəldiklərini və işlərimlə maraqlanmadıqlarını görsəm, FİDE-nin bayrağı altında oynamaq barədə ciddi düşünəcəyəm. Ancaq bu il avqust ayında keçiriləcək Şahmat Olimpiadası da var. Prinsipcə, milli federasiyanın böyük yarışları başlamazdan bir həftə əvvəl xatırlatması, beş və ya yeddi günlük təlim-məşq toplanışı keçirməsi və komandanın hazır olduğuna inanması heç kim üçün sirr deyil. Bəllidir ki, Avropa çempionatına, Olimpiadaya belə hazırlaşmırlar”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın