Yeni məlumatlara görə, Microsoft Edge brauzeri tədricən Google Chrome istifadəçilərini özünə tərəf çəkir. Qeyd etmək lazımdır ki, Google Chrome artıq uzun illərdir ki, brauzerlər bazarında liderliyini qoruyub saxlayır.

Statcounter adlı şirkətin verdiyi məlumata əsasən noyabr ayında Microsoft Edge brauzerlər bazarındakı payını 4 %-ə çatdırıb. Bu isə onu Chrome və Safari-dən sonra üçüncü ən böyük brauzer edir. Keçən ay bazarda payını itirmiş yeganə brauzer Google Chrome olub. Belə ki, indi onun bazardakı payı 64,04 % təşkil edir. Halbuki, yay fəslində bu göstərici 65,27 % təşkil edirdi.

Təbii ki, Edge ilə Chrome arasındakı fərq hələ də böyükdür və yaxın zamanda Chrome brauzerinin öz lider mövqeyini itirəcəyindən söhbət belə gedə bilməz. Keçən il Chromium əsaslı Edge istifadəyə veriləndən sonra onun məşhurlaşması əsasən Edge Legacy və Internet Explorer-in dəstəklərinin dayandırılması ilə əlaqəli idi. Microsoft onların istifadəçilərinə Edge brauzerinə keçid etmələrini məsləhət görürdü. Lakin Edge brauzerinin göstəricilərini yüksəltmək üçün Microsoft şirkəti Firefox, Safari və Chrome istifadəçilərinin öz tərəfinə necə çəkə biləcəyini fikirləşməlidir.

Son aylarda Microsoft öz brauzerinin irəli çəkilməsi üçün aqressiv üsullardan istifadə etməyə başladı. Bu istiqamətdə şirkət Windows 10 və Windows 11 əməliyyat sistemlərində standart brauzer seçimini çətinləşdirdi və hətta Edge-də bir sıra yeni funksiyaları istifadəyə verdi. İyul ayında Edge Firefox-u geridə qoymuşdu. İndi isə sözügedən brauzer Chrome-dan imtina etmiş istifadəçilərin hesabına öz istifadəçi auditoriyasını genişləndirir. Proses çox asta getsə də Microsoft bu istiqamətdə öz mövqelərini tədricən gücləndirir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın