Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards” 2021-ci il üzrə mükafatların qaliblərinin adlarına aydınlıq gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, gözlənildiyi kimi Kriştiano Ronaldo, Kilian Mbappe və Robert Levandovski Globe Soccer Awards 2021-nin müxtəlif mükafatlarına layiq görülüblər. Yalnız Argentinanın ulduz hücumçusu Leonel Messi mükafatsız qalıb.

Bütün zamanların ən yaxşı bombardiri adı ilin ilk yarısını “Yuventus”da keçirmiş, indi isə “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldoya verilib. 36 yaşlı portuqaliyalı 2021-ci ildə 46, karyerası boyunca isə 800-dən çox qol vurub.

Dubayda təşkil olunan mükafatlandırma mərasimində səsverməyə görə, PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı oyunçusu seçilib.

“Bayern” Münhenin və Polşa yığmasının hücumçusu Robert Levandovski isə ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatını alıb. O, 2021-ci ildə 69 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

PSJ-nin oyunçusu Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya “Yuventus”unda çıxış edən Leonardo Bonuççi isə ən yaxşı müdafiəçi seçilib.

İlin komandası adına bu il UEFA Çempionlar Liqasını qazanan Londonun “Çelsi” klubu layiq görülüb. İtaliya millisilə Dünya çempionu olan Roberto Mançini isə ilin ən yaxşı baş məşqçisi seçilib.

İlin ən yaxşı qadın futbolçusu Aleksiya Putelyas, onun formasını geyindiyi “Barselona” isə ən yaxşı qadın komandası seçilib. İtaliyalı futbol agenti Federiko Pastorello ilin ən yaxşı meneceri adına layiq görülüb. İlin ən yaxşı idman direktoru “Mançester Siti”nin rəsmisi Çiki Beqiristayn olub. Ronaldinyo isə uğurlu karyera mükafatına layiq görülüb.

Globe Soccer Awards – 12th Edition 2021

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın