Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni tikilmiş modul tipli infrastrukturun açılışında olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Verilən məlumata görə, döyüş mövqelərində tikilmiş modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana var.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan başqa, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

General-leytenant Nizam Osmanov şəxsi heyətin təminatı ilə maraqlanıb

General-leytenant N.Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə uyğun tapşırıqlarını şəxsi heyətə çatdırıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni tikilən qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması yönündə tədbirlər davam etdirilir.

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın