Azərbaycanda son zamanlar tanınmağa başlayan gənc aktrisalarından biri – Rəhimə Qüdrətova Teleqraf.com saytına müsahibə verib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni sizlərin diqqətinə çatdırır.

– Rəhimə xanım, özünüz haqda qısaca məlumat verin.

– İlk müsahibəm səninlə olduğu üçün, çox rahatam. Özüm haqda bunları deyə bilərəm: görünüşümlə daxilim tamam fərqlidir və həmişə insanların 90%-i buna aldanırlar. Rəhiməni təsvir edəsi olsam, bəzən dəniz qızına, bəzən də dənizin sərt dalğalarına, hansı ki, adamı qayalara çırpır, öldürənə qədər əl çəkmir ha, bax, o dalğalara bənzədərdim.

– Niyə aktrisa olmaq istədiniz?

– Bəziləri kimi yalandan deyə bilmərəm ki, bu məndə uşaqlıq arzusu olub. Sadəcə, evdə tək olanda beynimdə öz ssenarimə səhnələr qururdum, özümü “Arka sokaklar” serialının bəzi qadın qəhrəmanlarına bənzədirdim, evdə bir stuldan o biri stula atlanıb, güya kiminsə həyatını xilas edirdim. Məktəbdə şeir deyirdim. Bir də gözümü açdım ki, həyat özüm də bilmədən məni buralara gətirib, uşaq vaxtı özümdən uydurduğum səhnələri artıq, gerçək həyatda tamaşalarda, filmlərdə oynayıram.

Sənətimi çox sevirəm, sənətimə aşiqəm. Mən həkim də ola bilərdim, bank işçisi də, mühəndis də. Amma aktrisa kimi bu peşələrin hamısını oynayıram. Səhnədə həkim də oluram, bank işçisi də, mühəndis də, hətta bar qızı da.

– Bu sənəti seçməyinizə hansısa aktyora heyranlığınız təsiri edibmi?

– Təbii ki… Heyran olduğum aktyorlar olub. Elə biri öz müəlliməm, xalq artisti Firəngiz Mütəllimova. O, hələ də səhnəyə çıxan kimi, heç nə etməsə belə, insanları ovsunlamağı bacarır. Bu da illərin təcrübəsindən irəli gəlir. Kişi aktyorlardan Pərviz Məmmədrzayevə heyranlığım olub. Mən imtahan verəndə otaqdakı 20-30 nəfərə ürək-dirək verib yola saldım, axırda tək qalanda gördüm ki, özümə ürək-dirək verən yoxdur. Bu anda Pərviz müəllim yanımdan keçirdi, baxışlarımız toqquşdu. O heç nə etməsə də, sanki mənim üçün hər şey etdi. Həyəcanım da keçdi, əhvalım da düzəldi.

Sonra Pərviz müəllimi Akademik Milli Dram Teatrının səhnəsində “İlahi oyun” tamaşasında gördüm və ona bir daha heyran oldum. İstedadından əlavə, onun əzmkarlığını da sevirəm. Ona dəfələrlə mane olmaq istəyiblər, ancaq o, israrla davam edib. Yəni Pərviz müəllim bu mənada da mənə nümunədir.

– Aktrisa olmaq istəyinizi ailəniz necə qarşıladı? Adətən, mane olmaq istəyirlər.

– Anam həmişə mənə dəstək olub. Mentalitet məsələlərinə görə bir az qardaşım etiraz etdi, ancaq mən hər şeyi izah edəndən sonra o da sakitləşdi. Atam isə dünyasını dəyişib…

Ümumiyyətlə, hər kəsi başa salmışam ki, neçə müddətdir bu sənəti öyrənirəm, səhnənin tozunu uduram, bundan sonra bu sənəti ata bilmərəm. Bəlkə də mən burda kiminsə yolunu davam etdirirəm, sənətimdən imtina etsəm, həm öz əziyyətimə, həm də o insanlara haqsızlıq etmiş olaram.

– Bizdə sənət adamlarının qarşılaşdığı maneələr öncə ailədən başlayır, daha sonra cəmiyyət belə maneələr yaradır. Bu mərhələlərin hamısını gözə almısızmı?

– Mən hər şeyi gözə almışam. Kənardan atılan atmacalara, deyilən sözlərə lal, kor, karam. Çünki bilirəm ki, indi mənə söz atan adamlar, məqsədimə çatandan sonra yanımda olmağa can atacaqlar. İndi hamısı bu fikirdədir ki, “nə, aktrisa, ay qız, səni kim alacaq, kim evinə buraxacaq?” Ancaq bilirəm ki, mən bir az tanınandan, istəyimə nail olandan sonra o insanların hamısı mənimlə qohum olduqlarını fəxrlə deyəcəklər. Belə söhbətləri boş vermək lazımdır.

– Bilirsiz ki, bizdə qadın sənətçilərin şəxsi həyatı o qədər də uğurlu olmur. Hətta sonradan peşman olduğunu dilə gətirənlər də olub. Çətinliklərlə necə mübarizə aparacaqsız? Yoxsa, artıq o dövr deyil?

– Məncə, o dövrlə indiki dövrü müqayisə etsək, bir az irəliləyiş var, ancaq tam da o deyil. Mən bilirəm ki, məni sevgili kimi qəbul edənlər olacaq. Yəni kiminsə yanında lovğalansın ki, mənim sevgilim filan aktrisadır, filan efirdədir, filan filmdədir və s. Belə adamlar olacaq. Həyat yoldaşı kimi deyə bilmərəm. Bəlkə də elə bir adam ola bilər ki, məni sənətimlə qəbul edəcəyini ağlıma da gətirmərəm, ancaq qəbul edər. Məncə, bu, insanın sevgisindən asılıdır. Şəxsən mən sevdiyim adamın pis tərəflərini də, yaxşı tərəflərini də qəbul edəcəm. Məni hər şeyimlə qəbul edən insanın olub-olamayacağını isə bilmirəm…

– Ailə qurmaq haqda düşünürsüzmü?

– Tam səmimi deyəcəm, bu saat başım sənətimə elə qarışıb ki, 90% qızlarda olan ərə getmək, toy etmək, gəlinlik donu geymək həvəsi məndə yoxdur. Baxırsan ki, uşaqdır, indidən cehizləri hazırdır. Vallah, mən hətta uşaqlıqdan bu xəyallarla yaşamamışam ki, gəlinlik donu geyinim, toyum olsun.

– Belə başa düşdüm ki, şəxsi həyatınızda da heç kəs yoxdur.

– Mən sevə bilmirəm. Mənim ən böyük problemim budur, sevə bilməmək.

– Səbəb?

– Xəyalımdakı, arzuladığım sevgiylə qarşılaşmamışam, yaşamamışam. 2 münasibətim olub. Çoxdan olub, elə bilirdim ki, çox sevirəm. İndi mənə gülünc görsənir.

Mənim arzuladığım tamam başqa sevgidir. Mən o sevgini mütləq yaşayacam. Bilmirəm, bu, yaxın zamanlarda olacaq, yoxsa, qocalanda, ancaq olacaq.

– Məndə özünüz haqda çox təhlükəli fikirlər formalaşdırdız. Həddən artıq prinsipialsız. Bu, şəxsi münasibətdə də belə olacaq?

– Çox eqoistəm. Mən kimisə sevəndə, o prinsipiallıq sevdiyim adamdan çox, mənə əziyyət verir. Sevəndə kor oluram, sevdiyim adamdan başqası mənə maraqlı olmur, hətta ondan yaraşıqlısı olsa belə.

Həm də mən yaxşı başa düşürəm ki, hər sevgi xoşbəxtliklə bitmir. Mən xoşbəxt olmaq istəmirəm, sadəcə, sevmək-sevilmək istəyirəm. Sonu ayrılıq olsa da, o sevgini yaşamaq istəyirəm. Romanlardakı kimi.

– Sənət eşqinizlə sevdiyiniz adama olan sevginiz üz-üzə gələndə necə olacaq bəs?

– O insan Rəhiməni olduğu kimi qəbul edəcək. Əgər məni sənətimdən ayrı salsa, mən onun görmək istədiyi Rəhimə olmayacam, yarımçıq olacam. Belə Rəhimə isə heç kəsə lazım olmaz…

– Teatrların gənc aktrisalara münasibəti necədir, dəvət edirlərmi?

– Bəli. Akademik Milli Dram Teatrına Firəngiz Mütəllimova dəvət edib. Bir də Bakı Bələdiyyə Teatrını istəyirəm. Ancaq hələ özümü hazır hiss etmirəm. Hələ öyrənirəm. Hər iki teatrda da istedadlı sənətkarlar var, mən onlarla tərəf müqabili olacam, istəyirəm hazırlıqlı olum. Güclülərin yanında güclü olmaq lazımdır ki, ortaya da maraqlı şeylər çıxsın. Növbədə magistratura təhsilim var. Ondan sonra adlarını çəkdiyim teatrlardan birinə gedəcəm.

– Çəkildiyiniz “De, sən öl” filmi haqda danışardız.

– Film komediya janrında çəkilib, rejissoru Kənan MM, ssenari müəllifləri isə Rəsul Abbasov, Sabir Samiroğlu və Elsəvər Mehdizadədir. Çox maraqlı filmdir. Tamaşaçıların necə qəbul edəcəyini deyə bilmərəm, ancaq məncə, qəbul etmədikləri məqamalar da olacaq.

– Hansı rollarda özünüzü görmürsüz?

– Müsbət rollarda özümü görmürəm. Daha çox mənfi rollarda görürəm özümü.

– Bu sizi məmnun edirmi?

– Bəli. Çünki mənfi rol oynamaq, müsbətdən qat-qat çətindir. Mən hətta pozğun, fahişə qadını da oynaya bilərəm. Ancaq müsbət rollarda rejissorlar da məni görmürlər.

– Başıbəlalı açıq-saçıq səhnələrə də hazırsızmı?

– Mən hazıram, ancaq cəmiyyət hələ də hazır deyil. Mən o səhnələri oyanayandan sonra mənim aktyorluğum bir kənarda qalacaq, başlayacaqlar məni pozğunluqda suçlamağa. Yəqin ki, biz belə filmlərə 10 ildən sonra hazır olacağıq. Hələ ki, ağzımız sulana-sulana xarici filmlərə baxaq.

– Ancaq İnstaqram hesabınızda cəsarətli şəkilləriniz çoxdur.

– Mən dekolte geyinməyi sevirəm. Tam açıq-saçıq geyimləri sevmirəm. Belə deyim də, gərək bir yer gözə çarpan ola. Qadın hər yerini açıq qoysa, baxmaqdan göz də yorular. Bu mənim düşüncəmdir, həyat tərzimdir. Hər kəsə də deyirəm ki, məni belə qəbul etsinlər. Bədənim nə qədər ki buna icazə verəcək, dekolte geyinəcəm.

Yazar: Xəzər Süleymanlı

 

Gənc aktrisa Rəhimə Qüdrətova
Gənc aktrisa Rəhimə Qüdrətova
Gənc aktrisa Rəhimə Qüdrətova
Gənc aktrisa Rəhimə Qüdrətova
Gənc aktrisa Rəhimə Qüdrətova
Gənc aktrisa Rəhimə Qüdrətova

Gənc aktrisa Rəhimə Qüdrətova

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın