“Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları öldürməsi əsl müharibə cinayətidir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib.

Görüşə Bakıdakı yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü qoşulub.

Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini yada salıb və diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. 

Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi ilə danışaraq qeyd edib:

“Öz tariximizdən dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir. Bu Şabatda sizlərə sülh və əmin-amanlıq arzu edirəm”.

O, eyni zamanda, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək dəyərləndirdiyini deyib.

Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq etməsini özəl vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi olacağına inamını ifadə edib.  

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər iki ölkə onun vətənidir və burada həyat çox gözəl keçir:

“Bu gün İsrailin, haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox önəmlidir”.

İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi rahatsız olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir modeldir.

Görüşdə Şabat duaları oxunub, Azərbaycan və İsrail xalqına əmin-əmanlıq arzulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın