Fransada keçirilən prezident seçkilərinin son nəticələrinə görə ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, indiki dövlət başçısı Emmanuel Makron ikinci turda mübarizə aparacaq.

YALAN.info bildirir ki, bununla bağlı Fransa Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bülletenlərin 100 %-i hesablandıqdan sonra indiki Prezident Emmanuel Makron səslərin 27,84 %, onun ən yaxın izləyicisi Marin Le Pen isə 23,15 %-ni toplayıb.

Fransanın sağ mərkəzçi “Respublikaçılar Partiyası”ndan prezidentliyə namizədi Valeri Pekress seçkidə məğlub olduqdan sonra seçkilərin ikinci turunda tərəfdarlarını Makrona səs verməyə çağırıb.

Prezident seçkilərinin ikinci turuna keçə bilməyən “Avropa-Ekologiya-Yaşıllar” partiyasının üzvü Yannik Jado və “Əyilməz Fransa” siyasi partiyasının rəhbəri Jan-Lük Melanşon da seçiciləri indiki dövlət başçısı Emmanuel Makronun namizədliyini dəstəkləməyə çağırıb.

Fransa Kommunist Partiyasının lideri Fabien Roussel Emmanuel Makronu açıq şəkildə dəstəkləməyib, ancaq tərəfdarlarını ikinci turda Marin Le Penin əleyhinə səs verməyə çağırıb.

Yada salaq ki, Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Birinci turdakı seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın