Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Diaspor ilə İş Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Parisdəki Mədəniyyət Mərkəzində Qarabağa həsr edilmiş “Qara bağ” adlanan foto sərginin açılışı olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, işğaldan azad olunmuş torpaqlarımıza həsr edilmiş sərgidə nümayiş olunan fotoların müəllifi azərbaycanlı fotoqraf Maya Bağırovadır. Sərginin açılışında çox sayda fransalı foto həvəskarı, incəsənət xadimləri və başqa şəxslər iştirak ediblər. Onlar illərdir davam edən erməni yalanıın iç üzünü bu sərgidə gördüklərini bildiriblər.

Sərgidə nümayiş olunan fotolarda 30 ilə yaxın işğal altında olmuş şəhər və kəndlərimizdə yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyi əks olunub. Fotolarında daha çox ağ-qara rənglərə üstünlük verən M.Bağırova sərgisində yerli ictimaiyyətə erməni vandallarının törətdiyi vəhşilikləri əyani olaraq nümayiş etdirib.

Fotosərgidə müəllifin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və “27 sentyabr – Anım Günü”ndə işıq üzü görmüş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda erməni vandalizmini əks etdirən fotolarından ibarət broşür yerli ictimaiyyətin nümayəndələrinə təqdim edilib. Sərgi Azərbaycan həqiqətlərini qərəzsiz dünyaya çatdırmaq yolunda atılan növbəti uğurlu addım olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın