“Yenə Fransanın ənənəvi soyqırım yalanlarına sarılma siyasəti özünü göstərir. Həmin siyasətin isə heç bir tarixi dayağı yoxdur. Onların bu addımı antitürk mahiyyəti daşıyır”.

YALAN.info bildirir ki, bu sözləri Fransanın meydanlarından birinə “Ermənistan” adı verməsini Oxu.az-a şərh edən tarix elmləri doktoru Telman Nüsrətoğlu deyib. Tarixçi hesab edir ki, Anadolu və Qafqaz coğrafiyasında erməni terror təşkilatlarının müsəlman-türk əhaliyə qarşı nələr etdiyini görmək üçün Fransanın arxiv sənədlərinə baxmaq kifayətdir:

“Soyqırım imperial bir yalandır. Müxtəlif mərkəzlərin Türkiyəyə qarşı istifadə etdiyi siyasətdən başqa bir şey deyil. Tarix boyu ermənilərə ən çox ədalətlə yanaşan, himayə edən, onların bütün dini-etnik kimliklərini sərbəst şəkildə yaşamasına şərait yaradan məhz elə türk milləti olub. Ona görə də yalanlardan istifadə edərək Türkiyə və Azərbaycana qarşı siyasət yürütmək onlara heç nə qazandırmayacaq”.

Həmsöhbətimiz Fransada erməni lobbisinin güclü olduğunu və tarixin onlar tərəfindən təhrif edildiyini vurğulayıb: “Bunların hamısı Fransanın sağlam xarici siyasət aparmadığını göstərir. Qafqazda Azərbaycan cazibə mərkəzi halına gəlib. Avropa Birliyinin qaz asılılığının azaldılması, enerji koridorları baxımından Azərbaycanın rolu artıb. Belə olan halda, Fransanın ermənipərəst siyasəti qəbuledilməzdir. “Artsax” (Ermənistanda Qarabağa vermək istədikləri ad – Red.) adlanan nə bir dövlət, nə də bir ərazi var.

“Artsax” erməni separatizminin söylədiyi gülünc bir addır. Ora tarixi türk yurdudur və bundan sonra da elə qalacaq. Bu gün Azərbaycan sülh diplomatiyası aparır. Ermənilərin aparmış olduğu vandalizm siyasətinə qarşı biz yenə də “sülh sazişi imzalansın” deyirik. Ermənistan gec-tez bunu etməlidir, başqa çarəsi yoxdur.

Görəsən, bu baş tutduqdan sonra Fransa kimi ölkələr hansı yalanlara əl atacaqlar? Ermənistan özü də sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin bərqərar edilməsi üçün bu soyqırım yalanlarından imtina edilməsinin önəmini anlayır. Guya sülhdən, insan dəyərlərindən danışan Fransa isə separatizmi həvəsləndirəcək, Ermənistanı dalana sürükləyəcək siyasət aparır. Biz dövlət və ictimaiyyət olaraq keçirəcəyimiz konfranslar, tədbirlər vasitəsilə buna etirazımızı bildirməliyik”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də Fransanın etnik ermənilərin kompakt yaşadığı ölkələrdən biri olduğunu diqqətə çatdırıb: “Qeyri-rəsmi məlumatlarda Paris, Leon, Marsel kimi şəhərlərdə yaşayan ermənilərin sayının 750 min nəfər olduğu bildirilir. Fransa qondarma erməni soyqırımını 2001-ci ildə tanıyıb və bundan sonra 2011-2012-ci illərdə qondarma soyqırımının inkar edilməsinə görə cəzanın tətbiqini ehtiva edən qanun ciddi müzakirələrə səbəb olub. Bu haqda qanun qəbul olunsa da, 2017-ci ildə Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.

Yada salım ki, Fransada bundan öncə də Ermənistan və erməni diasporu tərəfindən “DQR”in təbliği, separatçıların iddialarının legitimləşdirilməsinə cəhdlər edilib. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Fransanın bir neçə şəhəri Azərbaycanın Qarabağ iqtisadi rayonunun bəzi inzibati subyektləri ilə “qardaşlaşma” haqqında qərar qəbul ediblər və Fransa məhkəmələri də sonradan bu qərarları ləğv ediblər.

Fransanın məhkəmə sistemində bununla bağlı presedentlər yarandığı üçün artıq Ermənistan və erməni diasporu “qardaşlaşma”, “müqavilə imzalama” kimi cəhdlərin nəticə verməyəcəyini bilirlər. Bu səbəbdən də Clermont-Ferrand şəhərində qondarma Artsaxın əski parçasını qaldırmaqla Ermənistanın ərazi iddialarının hələ də “beynəlxalq gündəmdə” olduğunu diqqətə çatdırmaq, separatçıları ümidləndirmək istəyirlər”. 

Ekspert bildirib ki, Fransanın Klermont-Ferrand metropolunun meri Oliver Biançi Sosialist Partiyasının təmsilçisidir və Parisdə ermənilərin kompakt yaşadığı məhəllələrdən birində böyüyüb: “Onun siyasi karyerasında erməni diasporunun da rolu olub. Qeyd edim ki, metropol Fransada bir neçə bələdiyyəni birləşdirən bələdiyyələrarası, seçkili təsisatdır. Bu baxımdan, sözügedən metropolun başçısı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan davranışlara imkan yaratdığına görə onunla bağlı məhkəmələrə müraciət edilməsi daha doğru olardı.

Nikol Paşinyan və Emmanuel MakronNikol Paşinyan və Emmanuel MakronÇünki Oliver Biançi bu hərəkətlərlə səlahiyyət həddini aşıb və ölkəsinin xarici siyasəti ilə bağlı olan davranışa yol verib ki, Fransa qanunvericiliyi bunu qadağan edir. Fransa məhkəmələrinin qondarma Artsaxla bağlı qərarlarında da bu məqamlar yer alıb. Azərbaycan Fransa qanunvericiliyini və daha öncəki presedentləri nəzərə alaraq məhkəməyə müraciət etməli və Oliver Biançinin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb etməlidir”.

Məlumat üçün qeyd edək ki, Fransanın Klermont-Ferrand şəhərindəki meydanlardan birinə qondarma erməni soyqırımı iddiası ilə “Ermənistan” adı verilib. Hətta bu münasibətlə keçirilən tədbirdə qondarma Artsaxın əsgi parçası da dalğalandırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın