Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Çempionatında (EMF UEFA 2022) qızıl medal qazanıb.

YALAN.info bildirir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0.

Final görüşündə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub. Bundan başqa Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya özəl mükafat təqdim edilib.

Maraqlıdır ki, sonuncu qitə çempionu Çexiya olsa da, ən titullu komanda Rumıniya yığmasıdir. Rumıniya milli komandası altı dəfə Minifutbol üzrə Avropa Çempionatının kubokunu qazanıb. Qazaxıstan və Rusiya da hərəyə bir dəfə qələbə sevinci yaşamağı bacarıblar.

Bu da maraqlıdır ki, Azərbaycan millisinin son 3 görüşündə udduğu komandalar daha öncə Avropa Çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, 1/4 finalda Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib. Millimiz qrupdakı ilk oyununda Rumıniya ilə qarşılaşmış, 0:2 hesabı ilə uduzmuşdu.

EMF EURO 2022 Gold Medal Game: Azerbaijan 🇦🇿 vs Romania 🇷🇴 1-0

Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.

Onu da bildirək ki, Azərbaycan Minifutbol Federasiyası (AMF) 2017-ci ildə yaranıb. İlk dəfə 2018-ci ildə Ukraynada keçirilmiş Avropa Çempionatında iştirak edib və həmin yarışda qrupdan çıxa bilməyib. 2019, 2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbindən yarışlar baş tutmayıb.

Avropa Minifutbol Assosiasiyasının (EMF) 32 üzvündən biri olan qurumun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə heç bir bağlığı yoxdur. Qurum şəxsi təşəbbüslə “Azfar Group” şirkəti tərəfindən yaradılıb. İndi Gənclər və İdman Nazirliyi federasiyaya dəstək versə də, maliyyələşmə işləri reklam və sponsorlarla təmin edilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın