Milli Məclisin Qarabağdan seçilmiş deputatı, yazıçı-jurnalist Aqil Abbas“Ermənilərin raketlərdən açdığı atəş nəticəsində Ağdamın Eloğlu kəndindəki ana evimiz, yəni anamın anasının – nənəmin evi dağıdılıb, yararsız hala salınıb”.

MM-n deputatı Aqil Abbas evini özü təmir edəcək

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbasın sözlərinə görə, nənə evini özü təmir etdirmək istəyir:

“Dövlət ilk növbədə daha çox ehtiyacı olan insanların evlərini təmir etdirsin. Çalışacağam ki, nənə evimizi təmir edim. Təbii ki, belə evləri dövlət təmir edir. Evə gedib baxanda dövlət rəsmiləri də mənimlə idilər.
Bizim həyətə gedəndə Ağcabədinin və Ağdamın icra basçılarına dedim ki, “mənim evimi təmir etdirmək vacib deyil, siz ilk növbədə daha çox ehtiyacı olan, başqa sakinlərin dağılmış evlərini təmir etdirin. Dedim ki, evimizi özüm təmir etdirərəm”.

Deputat Modern.az saytına müsahibəsində deyib ki, ötən gün şiddətli atışmalar nəticəsində Ağdamın Eloğlu, Çəmənli, Əfətli, Zəngişalı, Mahruzlu, Əhmədağalı kəndlərinə düşmən raket və qradlardan, iriçaplı silahlardan atəş açıb. Bir çox evləri yararsız hala düşüb.

“Sarıcalı kəndində orta məktəbi raketlərdən, qradlardan elə günə salıblar ki, külünü göyə sovurublar. Həmin saatlarda böyük xoşbəxtlikdən orada dərs olmayıb. Əgər Allah eləməsin, həmin gün o məktəbdə dərs olsaydı, 1 nəfər də şagird və ya müəllim sağ çıxa bilməzdi.

Ağcabədinin Qaraxanlı kəndinə srağagün 50 raket düşüb. Bayat, Hacılar kəndləri erməni səngərinin burnunun ucundadır. Ermənilərin atəş nöqtəsindən Qaraxanlı və Bayat kəndlərinə 15-20 kilometr məsafə var. İndi görün ki, ermənilər hansı növ raketlərdən atəş açıblar ki, həmin raketlər kəndləri məhv edib”.

Aqil Abbasın sözlərinə görə, atılan raketlərdən biri qonşuluqdakı evin düz içinə düşüb.

“Bir raket də həyətin artırma hissəsinə düşüb. Xoşbəxtlikdən, həmin an divarlar aşmamışdı, evi saxlayıb. İnsanlar hamısı həyətdə olub və divarlar da qəlpələrdən onları qoruyub.
Ağdamın Hacılar kəndində Heydər piri var. Seyid ocağı olan o kəndə 13 qrad mərmisi düşüb və 7-si partlamayıb”.

Ermənistan kimdir ki, təkbaşına Azərbaycanla müharibə aparsın?

Ölkə.az-a açıqlamasında Milli Məclisin Qarabağdan seçilmiş deputatı, yazıçı-jurnalist Aqil Abbas deyib ki, Ermənistan rəhbərliyi yalan danışdığı üçün bir-birlərini təkzib edir:

“Adətən yalan danışan adamların nə danışdıqları tez yadlarından çıxır. Yalanın üstünü ört-basdır etmək üçün də gələk növbəti yalanı danışasan. Ona görə də bu gün Ermənistanın hakimiyyət və ordu rəhbərliyində çaşqınlıq yaranıb. Bunun nəticəsidir ki, Ermənistan ordusunun 3 generalı və 1 polkovniki işdən çıxarılıb. Onların arasında müdafiə nazirinin müavini də var”.

A.Abbas qeyd edib ki, Ermənistanda hakimiyyətdə kimin olması əhəmiyyət daşımır:

“Çünki Ermənistan bizimlə müharibəni öz istəyi ilə aparmır. Ümumiyyətlə, Ermənistanın bu müharibədə heç bir söz sahibi deyil. Ermənistan kimdir ki, təkbaşına Azərbaycanla müharibə aparsın? Ermənistanın arxasında olan qüvvələr Rusiya, ABŞ, Fransa, İngiltərə və Almaniyadır”.

Deputat vurğulayıb ki, bu gün Ermənistana himayədarlıq edən təkcə Rusiya deyil:

“ABŞ, Fransa, İngiltərə və Almaniya, ümumiyyətlə Qərb Ermənistana dəstək verir. Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistanın və Rusiyanın maraqları çərçivəsində yaranmayıb. Burada Qərb dövlətlərinin maraqları var. Son hərbi əməliyyatlar zamanı da onlar dünyaya car çəkdilər ki, Azərbaycan müharibə etmə, bu münaqişə sülh yolu ilə həll edilməlidir və sairə. İndi sual olunur, biz sülhə hazırıq, ancaq Ermənistan işğal etdiyi torpaqları azad edəcəkmi? Biz nə zamana qədər sülhü gözləməliyik? Əgər Ermənistan torpaqlarımızdan çıxmayacaqsa, o zaman biz də başqa yolları seçəcəyik”.

Aqil Abbas kimdir?

Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. Ali təhsilini ADU-nun filologiya fakültəsində alıb.
Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir.
2005-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın