Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində beynəlxalq birliyin Ermənistana təzyiqi öz bəhrəsini verib.

Ermənistan tərəfi Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və başqa ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri təqdim edib.

Xəritələrin dürüstlüyünə ABŞ və Avropa Birliyi (AB) yüksək səviyyədə zəmanət verib.

“Azərbaycan və Ermənistanın paralel humanitar jestləri – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu AB Şurasının prezidenti Şarl Mişel feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: “Avropa Birliyi bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”.

İlham Əliyev: “Ermənistan basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir”

“Bu yaxınlarda beynəlxalq qurumların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

“Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək”, – deyə Prezident bildirib.

Prezident: “Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”

“Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs Bəyanatı deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir”. 

“Əfsuslar olsun ki, bizim Ermənistanla sülh anlaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk”, – deyə İlham Əliyev bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın