Ermənistanda bu ilin aprel ayında baş verən “məxməri inqilab” təsirləri etibarı ilə hələ də aktuallığını qoruyub saxlayır. İnqilabdan sonra iqtidara gələn Nikol Paşinyan hökuməti bir tərəfdən keçmiş rəhbərlik ilə hesablaşmağa çalışarkən, başqa tərəfdən beynəlxalq mühitdə özünə yer etməyə çalışan kimi görünür. Baş nazir N.Paşinyanın tez-tez dilə gətirdiyi “Ermənistanın klassik xarici siyasətinin davam etdiriləcəyi” istiqamətindəki bəyanatlarına baxmayaraq, Qərb ilə daha yaxın əlaqələr qurmaq istədiyi də diqqətlərdən qaçmır.

N.Paşinyan iqtidara gəlməzdən öncə, hələ müxalifətdə olduğu dövrdə Rusiyaya qarşı söylədiyi fikirləri ilə tanınırdı. Serj Sarkisyanı tez-tez Rusiya tərəfdarı olmaqda günahlandıran N.Paşinyan “məxməri inqilab” nümayişlərində və sonrasında isə rəsmi Moskvaya qarşı kəskin bir mövqe sərgiləyə bilməyib. Hətta iki ölkə arasındakı dostluğun və əməkdaşlığın daha da irəli aparılmasından yana olduğunu da dilə gətirib. N.Paşinyanın bu fikirləri qüvvələr tarazlığı qurma səyi içərisində olduğunu göstərir.

Ermənistanla yaxın əlaqələrini Sovetlərin dağılmasından sonra da davam etdirən Rusiyanın rəftarı da N.Paşinyanın bəyanatları ilə uyğunluq təşkil edir. Mayın 14-də baş nazir Rusiya prezidenti Vladimir Putinlə görüşüb Yerevanla Moskva arasındakı əlaqələrin möhkəmliyinə bir daha diqqət çəkib. İki ölkə arasındakı əlaqələrin N.Paşinyan iqtidarı dövründə necə davam edəcəyi isə hələ bir çox dövlətlər tərəfindən yaxından izlənilən bir mövzu olaraq qalmaqdadır. Bu anlamda, Ermənistan-Rusiya əlaqələrinin son 4 ayını dəyərləndirmək yerinə düşər.

N.Paşinyan baş nazir seçilməsindən dərhal sonra Avropa Birliyi (AB) və Rusiya ilə əlaqələrini dərinləşdirmək istədiyinə dair bəyanatlarla çıxış etdi. AB seçkilərdə və korrupsiya araşdırmalarında Ermənistana fəal dəstək olacağını dilə gətirdi. Ermənistan ilə Qərb arasında atılan addımlar isə Rusiya rəsmiləri tərəfindən yaxından təqib edilir. Ukrayna və Gürcüstanda baş verən inqilablara qarşı sərt reaksiyalar verən Rusiya Ermənistanda baş verən proseslərə daha ehtiyatlı yanaşır.

Digər tərəfdən, Rusiya-Ermənistan münasibətlərinin başlıca dinamikasından birini Dağlıq Qarabağ münaqişəsi formalaşdırır. Yerevan Qərb ilə yaxınlaşma siyasəti yürütdüyü bir dövrdə V.Putinin məsləhətçilərindən biri, rusiyalı politoloq Aleksandr Duqin və Rusiyanın tanınmış siyasətçilərindən ibarət bir heyət Azərbaycana səfər etdi. Burada “Rusiyanın Qafqazdakı tək müttəfiqi” adlı konfrans keçirildi. Toplantıda A.Duqin Ermənistanın Dağlıq Qarabağın işğalını sona çatdırması ilə bağlı çağırışlar etdi. O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və bu düşüncələrin eyni zamanda Rusiyanın dövlət başçısının mövqeyini də ifadə etdiyini vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iyulun 31-də Azərbaycana səfəri əsnasında A.Duqinin ifadələrinin XİN-in rəsmi mövqeyini əks etdirmədiyini dilə gətirib. Buna baxmayaraq, ikitərəfli əlaqələrin kritik olduğu bir dövrdə bu istiqamətdə bəyanatların verilməsi nəzərə çarpacaq haldır.

N.Paşinyan iyulun 11-12-də keçirilən NATO zirvəsinə qatılıb. Bu, Ermənistanın xarici siyasətində dönüş anı kimi dəyərləndirilir. Baş nazir Brüsselə səfəri zamanı AB və NATO rəsmilərindən daha çox dəstək gözlədiyini açıqladı. O, Əfqanıstan və Kosovoda NATO ilə birlikdə müvəffəqiyyətli əməliyyatlar icra etdiklərini dilə gətirdi, Ermənistanın “beynəlxalq sülhə töhfə verən demokratik bir ölkə” olduğunu ifadə etdi. N.Paşinyan “Euronews”ə müsahibədə isə Dağlıq Qarabağ probleminin həll edilə bilməsi üçün NATO-nun güclü bir mesaj verə biləcəyini açıqladı.

NATO-nun zirvə toplantısının sonunda qəbul edilən yekun sənəddə Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu isə Ermənistanın gözlədiyinin tam əksi olan bir addımdır. NATO zirvəsi vasitəsilə Qərblə olan münasibətlərini dərinləşdirmək istəyən N.Paşinyan gözlədiyi nəticəni əldə edə bilmədi. Rəsmi Yerevanın beynəlxalq sülhə töhfə verən bir ölkə olması iddiasının əsassızlığı NATO-nun yekun sənədi ilə bir daha təsdiqini tapdı.

Digər tərəfdən, N.Paşinyanın Brüssel ziyarətindən dərhal sonra, iyulun 17-də Ermənistanın Gümrü şəhərinin Panik kəndində rus əsgərləri hərbi bir təlim həyata keçirdi. Məlum olduğu kimi 102-ci Rusiya hərbi bazası bu kənddə yerləşir. Rus ordusunun erməni səlahiyyətlilərə xəbər vermədən reallaşdırdığı bu manevr bölgədə yaşayanların panikasına səbəb olub. Təlimdən sonra 102-ci Rusiya hərbi bazasının komandirləri erməni rəsmilərini ziyarət edib, onlara bu hadisə ilə bağlı araşdırma aparacaqlarını və sonra mətbuat konfransı təşkil edərək ictimaiyyətə məlumat verəcəklərini söyləyiblər. Hərbi bazanın Ermənistanda olduğu müddətdə 2015-ci ildə yaşanan hadisələrdən başqa belə bir hadisənin yaşanması və təlimin həyata keçirilməsi, bu baxımdan, diqqətçəkəndir. Ermənistan NATO və Qərb həmlələrindən sonra Rusiyanın təcrid edilməməsi lazım olan bir aktyor olduğu qənaətinə gəlib. Necə ki, N.Paşinyanın təlimdən sonra Rusiya hərbi bazasının Ermənistandakı varlığı ilə bağlı etdiyi şərh bu fikri doğruldur. Baş nazir 102-ci Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyində olduqca əhəmiyyətli bir rol oynadığını və buna görə minnətdar olduqlarını bildirib.

Rusiya-Ermənistan münasibətlərində başqa gərginlik isə NATO kimi bir təhlükəsizlik qurumu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) görə baş verir. Ermənistanda davam edən korrupsiya əməliyyatları çərçivəsində KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürülüb. Rəsmi Yerevan onun baş katib vəzifəsində başqa şəxslə əvəzlənə biləcəyini açıqladı. Bu vəziyyət iki ölkə arasında yeni gərginliyə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni rəhbərliyinin siyasətini tənqid edərək bildirib ki, orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal fəaliyyəti məsələsi nöqteyi-nəzərdən gedən proseslər Moskvanı narahat etməyə bilməz. S.Lavrov deyib ki, son günlər Rusiya tərəfi bir neçə dəfə öz narahatlığını Ermənistan rəhbərliyinə çatdırıb. O, ümidvar olduğunu bildirib ki, vəziyyət hər halda konstruktiv məcrada davam edəcək. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu ilin mayında Ermənistanda baş verən siyasi böhran zamanı Moskvada məmnunluqla qeyd edirdilər ki, bütün siyasi partiyaların iştirakı ilə kompromis əldə olunub və ölkənin yeni rəhbərliyi milli həmrəyliyi möhkəmləndirməkdə davam edəcək. “Lakin son günlər baş verən hadisələr bu müsbət proqnozları açıq-aşkar yox edir və Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatlara tamamilə ziddir”, – deyə S.Lavrov vurğulayıb.

Bu açıqlamalardan sonra erməni KİV-də rəsmi Moskvanın Yerevana kredit verməyi dayandıra biləcəyi şəkildə informasiyalar yayılmağa başladı.

KTMT daxilində belə gərginliklər yaşandığı halda, Ermənistan NATO-nun Gürcüstanda təşkil etdiyi Noble təliminə az sayda iştirakçı ilə qatılma qərarı aldı. Ermənistan 2017-ci ildə eyni adda keçirilən təlimdən son anda iştirakdan imtina etmişdi. Yerevan bu il tədbirə qatılmaqla NATO tərəfdaşlığına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.

Bütün bu hadisələr Ermənistanın Rusiya-Qərb oxunda tarazlıq yaratmağa çalışdığını göstərir. Moskvadan gözlənilən hər hansı bir təzyiqlə üzləşmək istəməyən Ermənistan rəhbərliyi Rusiya əleyhinə olmayan ifadələr işlətməməklə yanaşı, NATO və AB vasitəsilə Qərb ilə yaxınlaşmağa çalışır. Rəsmi Yerevanın xarici siyasətindəki bu dəyişikliyin yaradacağı durum isə Cənubi Qafqaz ölkələri üçün önəmli nəticələrə səbəb ola bilər. Rusiyanın özəlliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir edə biləcək bu dəyişikliklər yaxından izlənilməlidir.

Yazar: Analitik-icmalçı Ehtiram Aşırlı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın