Ötən sutka boyunca Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən toplam 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.