Erməni generalı Arşavir Qaramyan Ermənistan mətbuatına verdiyi müsahibədə etiraf edib ki, bu gün Ermənistan ordusu deyilən bir təsisat mövcud deyil:

“Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır”.

A.Qaramyan həmçinin qeyd edib ki, Ermənistan müharibədə ciddi insan itkisinə məruz qalıb və bu orduya vurulan ən ağır zərbədir. A.Qaramyan söyləyib ki, 44 günlük müharibədə Ermənistan ordusunun biabırçı məğlubiyyətinin bir neçə səbəbi var:

“Biz bir müddət Ermənistan silahlı qüvvələri ilə bağlı həqiqətə uyğun olmayan illüziyalarla yaşadıq. Çağırışlar səhv dəyərləndirildi və uyğun islahatlar həyata keçirilmədi”.

A. Qaramyan məğlubiyyətin səbəblərini sayarkən zirehli texnika və hava hücumundan müdafiə sistemində olan çatışmazlıqlardan, həmçinin, ordudakı quruculuq işlərin aşağı səviyyədə həyata keçirilməsinə toxunub.

Qeyd edək ki, Arşavir Qaramyan Azərbaycan torpaqlarının işğal edilməsinin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub.

Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. İrəvan Dövlət Universitetinin Radiofizika və Elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib.

O, Ermənistan tərəfindən 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib.

1996-1997-ci illərdə Şuşada rayon administrasiyasına başçılıq edib, hərbi bölmə komandiri olub. 2007-2013-cü illərdə “Polis rəisi”, 2007-2013-cü illərdə “baş prokuror” postunu tutub. 2014-cü il oktyabrın 29-da qondarma Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” direktoru təyin edilib. 2018-ci ilin iyunun 7-də Xankəndidə keçirilən etiraz aksiyalarından sonra general-leytenant Arşavir Qaramyan “təhlükəsizlik xidməti rəisi” vəzifəsindən azad edilib. Həmin ilin 15 iyununda Bako Saakyanın xüsusi məsələlər üzrə müşaviri təyin olunmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın