İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçirilən görüş başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Sergey Lavrov-Entoni Blinken görüşü 1,5 saat davam edib.

ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla Cenevrədə keçirilən görüşdən sonra mətbuat konfransında bildirib ki, biz emosiyalar əsasında yox, əksinə faktlar və tarix əsasında hərəkət edirik.

“Fakt budur ki, Rusiya Ukrayna sərhədinə çox sayda qüvvə yığıb və buna davam edir. Rusiya həm də Belarusa qüvvələr yığıb ki, bu da Rusiyanın hücum edəcəyi təqdirdə qabiliyyətini gücləndirir. 2014-cü ildə Rusiya Ukraynaya hücum etdi, güc yolu ilə bu ölkənin sərhədlərini dəyişdi. Ancaq biz həmişə Rusiya rəsmilərindən eşitmişik ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. Bu gün Lavrov da bunu təkrar etdi. Ancaq sözlərə yox, hərəkətlərə baxmaq lazımdır”, – Blinken vurğulayıb.

“Mən bildirdim ki, biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu ölkənin yanında qətiyyətlə dayanırıq və Rusiya qüvvələri Ukrayna sərhədini keçərsə, ABŞ və müttəfiqlərinin buna sərt və cəld cavabı olacaq”, – o bildirib.

Blinken diqqətə çatdırıb ki, Rusiyanın hərbi yox, başqa hibrid hücumları olarsa, ona da ABŞ və müttəfiqləri koordinasiyalı şəkildə qətiyyətli cavab verəcəklər: “Mən Lavrova bildirdim ki, Rusiyanın son həftələrdə qaldırdığı təhlükəsizlik narahatlıqlarına ABŞ və müttəfiqləri qarşılıqlılıq prinsipi əsasında cavab verə bilər. Bu o deməkdir ki, Rusiya da bizim narahatlıqlarımıza cavab verməlidir”.

Dövlət katibi deyib ki, Lavrovla müzakirələr zamanı o, Rusiyanın yalnız Ukrayna ilə bağlı təhlükəsizlik problemi yaratmadığını, həm də Avropa və beynəlxalq sistem üçün problem yaratdığını deyib: “Bu müzakirələr deyildi, səmimi şəkildə fikir və ideyaların mübadiləsi idi. Mən Lavrova onu da bildirdim ki, müəyyən prinsiplər və dəyərlər var ki, ABŞ və müttəfiqləri onu qorumağa sadiqdir. Bura Ukrayna xalqının öz gələcəyini suveren şəkildə seçmək hüququ daxildir. Bununla bağlı heç bir sövdələşmə ola bilməz”.

ABŞ Dövlət katibi deyib ki, indi Rusiyanın iki seçimi var: o, ya diplomatiya yolunu seçir, ya da münaqişə yolunu seçir ki, bu da ağır nəticələrə və beynəlxalq qınamaya gətirib çıxaracaq: “Düşünürəm ki, bugünkü görüşdən sonra Lavrovun bizim mövqeyimizlə bağlı daha yaxşı anlayışı yarandı. Biz razılığa gəldik ki, diplomatik prosesi davam etdirməliyik. Tərəfdaşlarımızla məsləhətləşmələrdən sonra gələn həftə detallı şəkildə Rusiya ilə öz narahatlıqlarımızı və ideyalarımızı yazılı formada bölüşəcəyik. Anlaşdıq ki, bundan sonra danışıqları davam etdirək”.

Blinken Bayden-Putin görüşünün keçirilməsini mümkün sayır

ABŞ Dövlət katibi bildirib ki, gələn həftə ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə yazılı cavab verəcək. Göndərləcək yazılı cavabdan sonra tərəflər arasında müzakirələr davam edəcək. O deyib ki, ABŞ və Rusiya prezidentlərinin görüşünə ehtiyac olarsa, biz buna hazırıq.

“İlkin olaraq bu təbii ki, XİN səviyyəsində olacaq. Bu müzakirələr səmərəli olarsa və təbii ki, danışıqların daha da irəliyə aparılması üçün prezidentlərin təmasına, görüşünə ehtiyac olarsa, mən düşünürəm ki, biz buna tamamilə hazır olacağıq.

Yadınızdadırsa, Prezident Bayden elə Cenevrədə Vladimir Putinlə görüş keçirmişdi. Onlar arasında bir neçə dəfə videokonfrans formatında görüş olub. Əgər həm biz, həm də Rusiya tərəfi yekun olaraq bəyan edərsə ki, məsələləri həll etmək üçün ən yaxşı yol liderlər arasında danışıqların olmasıdır, təbii ki, biz buna hazır olacağıq”, – ABŞ Dövlət katibi bildirib.

Secretary Blinken’s Press Availability – 7:30 AM

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın