“Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır. Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report informasiya agentliyinin məlumatına görə bunları təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda universitetlərə qəbul faizi nisbətən aşağıdır: “Eyni zamanda hamı ali təhsilli ola bilmir. Ali təhsilə qəbul ənənəvi olaraq müəyyən mənada hamı üçün olan təhsil deyil. Biz ali təhsili hamımız üçün qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul hesab edirik. Yəni bu cəmiyyətin gəldiyi qərardır. Hamı ali təhsilli olmalıdırmı – bu ayrı mövzudur. Mən belə hesab etmirəm. Repetitorluq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində var. Amma o ölkədə bu daha çoxdur ki, təhsil modeli olaraq rəqabətlilik seçib. Kim daha çox bal yığdı, kim daha irəli getdi”.

“Dəfələrlə bu misalı verirəm ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahatlar etdik və 200 bal qalxaraq 300 bal oldu. Yəni 33 % təhsilin keyfiyyəti yaxşılaşdı. Belə olan təqdirdə şagirdlər onda da repetitor yanına getməyəcəklərmi? Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün 2 nəfər mübarizə aparır. Ona görə də şagirdlər qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər”, – o əlavə edib.

Emin Əmrullayevin sözlərinə görə, repetitorluq vacib ictimai müzakirə mövzusudur: “Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik”.

“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Biz hər zaman problemlər haqqında ya emosional, ya da strukturlaşmış təhlil yönümündən danışa bilərik”.

Nazirin sözlərinə görə, istənilən təhsilin keyfiyyətinin yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird uğurlarıdır: “Burada iki yaxşı xəbər var: yaxşı ondan ibarətdir ki, həmin cədvəllərdə yuxarı sıralarda olmasaq da, bütün tədqiqatlarda iştirak edirik. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir”.

O, qeyd edib ki, ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxdıqda 5, 10, 15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var: “Bunun yeganə əksik arqumenti ola bilər ki, kimsə bu rəqəmlərə baxıb göstərir ki, bu belə deyil. Lakin bir misal çəkim – Azərbaycan ölkə olaraq 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi.

Eyni zamanda görürük ki, arzu etdiyimiz səviyyədən nə qədər uzaqda olduğumuzu göstərir. Ən vacibi isə niyə uzaqdayıq sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü məktəbdaxili mühitdə məzmun problemimiz var”.

Onun sözlərinə görə, dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla önəmli sayılan və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var: “Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları bilib görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil. Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”.

Nazir bildirib ki, son illər yüzlərlə məktəb direktoru şəffaf şəkildə müsabiqə və müsahibələrdən keçərək təyinat alıblar: “Mənim anlayışımda məktəb rəhbərliyi ilk növbədə pedaqoji lider olmalıdır. Yəni şagirdlərin öyrənməsini təmin etməlidir. Məktəb direktorunun gün sonunda özünə verdiyi sual bu olmalıdır: – bu gün nə qədər öyrənmə baş verdi”.

O qeyd edib ki, hər zaman şəffaflıq və səmərəlilik arasında seçim edilməlidir: “Hazırda keçirilən test imtahanları və ya bu formatda direktorların işə qəbulu müəyyən mənada şəffaflığı təmin edib. Lakin həqiqətən də lazım olan pedaqoji dəyərlərin, səriştələrin bu üsulla təyin etmək mümkün olmur. Dünyada qəbul olunan metodologiya bundan ibarətdir ki, biz daha çox müsahibələr əsasında insanları işə qəbul edək. O zaman digər problemimiz yaranır: şəffaflıq, inam, etibar və s. Bu səbəbdən yəqin ki, balanslaşdırılmış bir yol tapmalıyıq”.

E.Əmrullayev vurğulayıb ki, məktəb inspektorları ilə bağlı ilkin nəticələrin maraqlı məqamları var: “Təəssüf ki, bir çox hallarda Azərbaycan məktəbində inzibatçılıq, təsərrüfatçılıq, yaxud hansısa texniki logistik işlər pedaqoji fəaliyyəti üstələyir. Bunu qınamaq üçün yox, sadəcə həqiqəti təsvir etmək üçün deyirəm. Məktəb rəhbərinin fokus olunmalı olduğu məsələ öyrənmədir. Ona görə də şagirdlərin nə qədər öyrənməsi daha çox müzakirə olunmalıdır”.

Təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib. O qeyd edib ki, müxtəlif fikirlər səslənir. Nazir bunlara fikir bildirənlərə təşəkkür edib: “Çünki bəzən səsləndirilməyən də təəssüf ki, səsləndirilir. Bu da gözləniləndir. Burada hər hansı bir ümidsizliyə qapılmağa ehtiyac görmürəm. Lakin ümumilikdə bir neçə prinsip vacibdir. Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz məktəblərə resurs cəlb oluna bilər fikrini səsləndirəndə və bu könüllü əsasda olmalıdır dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır”.

“Kimsə öz oxuduğu, məzun olduğu, yaşadığı yerin həyətində olan, yaxud övladının təhsil aldığı məktəbə hər hansı şəkildə, eləcə də qanunda zidd nəzərdə tutulmayan mövzu ilə bağlı könüllü olaraq hansısa maddi resursu vermək istəyirsə, bunun mexanizmi olmalıdır”, – deyən nazir əlavə edib ki, bəzən yanlış olaraq Valideyn Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin qurumu kimi başa düşülür: “Amma bu belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Yəni təşkilat ola da bilər, olmaya da bilər. Valideynlər qərar verməlidirlər ki, onlar məktəbin idarəetməsində iştirak etmək üçün bu və ya digər ictimai qurumlarda təmsil olunub bu işi görmək istəyirlər ya yox. Təbii ki, təmsil olunub bu işi görə bilirlərsə, bu, şagird, təhsil və məktəb üçün də yaxşı xəbərdir. VMA və bu kimi ictimai təşkilatlar cəmiyyət üçün yeni və öyrəşmədikləri modellərdir. Qanunvericiliyə görə də belə qurumların fəaliyyəti hələlik qadağan olunmayıb. Söhbət könüllü yığılan vəsaitin şəffaflıq, hesabatlılıq prinsipi əsasında şagirdlərin inkişafı naminə toplanıb xərclənməsində bir problem olmasından gedir”.

Onun sözlərinə görə, müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır: “Bu, risklidirmi, hansı risklər var və nəyi pisdir? Əgər valideyn bütün vergilərini ödəyəndən sonra könüllü olaraq əlindəki əlavə vəsaiti hər hansı səbəblə məktəbə vermək istəyirsə, arqument olmalıdır ki, bu çox pisdir və bunu etmək olmaz. Yaxud da bu cinayət deyilsə və mümkündürsə bunun mexanizmini müzakirə etməliyik. Məncə bu növbəti addımdır.

Hələlik ictimai müzakirələrdə səsləndirilən fikirləri toplayırıq, ictimaiyyətin rəyini öyrənirik. Hesab edirəm ki, gələn ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Müzakirələrin davamlı olmasını istəyirik. Mövzu ətrafında hansısa kənara çıxmalar olmadan bu müzakirədə iştirak edən hər kəsə təşəkkür edirəm. növbəti mərhələdə artıq ictimaiyyətə ayrı-ayrı mexanizm və modelləri təqdim edə biləcəyik.

Orada da eyni sual olacaq ki, bu pisdirmi, yaxşıdırmı? Addım-addım yeni modellərdən qorxmamalıyıq. Məktəb rəhbərliyi ilə bağlı mənfi fikri olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin bu, hər zaman belə qalası deyil. Biz bunu yaxşıya və işləyən mexanizmlərə doğru dəyişməliyik. Təbii ki, bunu məcbur etməliyik deyə bir şey də yoxdur. İlk növbədə valideyn və ictimaiyyət məsələnin mahiyyətini anlamalı, istəməli və tətbiq etməlidir. İstəməsələr, olmayacaq. Olmasa da sadəcə məktəbə əlavə resurs gəlməyəcək”.

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə də münasibət bildirib. O, nəzəriyyəyə görə bir qisim insanların daha çox ali təhsil almalı olduqlarına inanclarının olduğunu yada salıb.

O qeyd edib ki, ənənəvi sovet dövründən qalma düşüncəyə görə ali təhsil yalnız yüksək nəticə göstərən adamlar üçün olmalıdır: “Şəxsən mən düşünürəm ki, ali təhsil nə qədər çox adamı əhatə edirsə, burada ziyan yoxdur. Çünki həmin adam ali təhsil almasa da əlavə dəyər yaratma imkanı aşağıdır. Ali təhsil ona heç olmasa ali təhsil müəssisəsini görmək, şəbəkə formalaşdırma, özü olmasa da tələbə yoldaşının yaratdığı hər hansı müəssisədə işləmək kimi gələcəyə imkan yaradıb. Ona görə də ümumilikdə mütəxəssis olaraq təhsil nöqteyi-nəzərindən ali təhsil sisteminə nə qədər çox insan qəbul olunarsa bu olduqca vacib məsələdir. Birinci məsələ keyfiyyət məsələsidir. Burada cəmiyyət olaraq daha çox nəyi müzakirə etməliyik?”.

Nazirin sözlərinə görə, Azərbaycanda universitetə qəbul olan insanların təxminən 95 faizi ali məktəbi vaxtında bitirir: “Dünyanın inkişaf etmiş ölkələrinə baxsaq, görərik ki, bu göstərici 60 %, bəzilərində hətta daha da aşağıdır. Bəlkə də 30-40 % göstəriciyə malik ölkə də axtarsaq taparıq. Bu da mənə görə birmənalı qarşılanmaya biləcək.

Biz keyfiyyətə nəzarətlə bağlı atdığımız hər addım cəmiyyətdə müəyyən mənada əlavə əziyyət, narahatlıq, ədalətsizlik təəssüratı yaradır. Söhbət Təhsil Nazirliyindən getmir. Bunun bariz nümunəsini Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında görürəm. MİQ-də bir çox hallarda biz aşağı bal toplayan müəllimlərin və kifayət qədər ciddi rəqabətin olduğunu görürük. Çünki heç bir yerdə insanlar bir-birinə səndə alınmadı, sən keçmədin demək istəmirlər. Həmişə insanlara güzəşt etməklə onlara müxtəlif adlar verə bilərik. Lakin bir yerə gələndə imkanlarla istəklər uyğun gəlmir. Bu harada baş verə bilər? Misal olaraq müəllim ixtisasında MİQ-də”.

“Say etibarı ilə problemimiz yoxdur. Biz 10 min müəllim hazırlayırıq və ildə təxminən azı 7 min müəllimi işə götürürük. Sual yarana bilər ki, niyə belə rəqəm? Çünki rəqabət istəyirik, heç olmasa 3 min namizəd əlavə olsun və onlar özəl sektorda və ya başqa sahələrdə işləməyən adamlar da var. Yəni burada tələb və təklif problemimiz yoxdur. Problem keyfiyyətdədir.

Ali təhsil müəssisələrini 95 % yox, 70 % tələbə bitirsə ciddi narazılıqla üz-üzə qalacağıq ki, Təhsil Nazirliyi ədalətsiz edir, yaxud nazir dedi ki, kimsə vaxtında ali məktəbi bitirməsin. Loru dildə desək, bizdə universitetə qəbul olmaq asandır, nəinki oranı bitirmək. Bu, bizim cəmiyyət kimi müzakirə etməli olduğumuz problemdir. Mütəxəssis rəyim ondan ibarətdir ki, universitetə girmək daha da asanlaşdırılmalıdır. Belə olan halda repetitorluq problemi də həllini tapmış olacaq”, – nazir qeyd edib.

“Anladığım odur ki, insan ali təhsil almaq istəyirsə ona bu imkan yaradılmalıdır. Bacarıqlı insandırsa, onun təhsil haqqı dövlət sifarişi dövlət təqaüdü ilə ödənilməlidir. İmkanı yoxdursa, həssas təbəqədəndirsə, dövlət ona bəlli güzəştlər tanımalıdır. Amma ali təhsili almaq və davam etdirmək istəyirsə, tələbə kreditləri almaq imkanı olmalıdır.

Təbii ki, kimsə məcbur otuzdurmalı deyil. Oxuduğu müddət ərzində təhsilin keyfiyyət təminat sistemləri işləməlidir. Misal olaraq, akkreditasiyadan keçmirsə, proqram bağlanmalıdır. Əgər ali təhsili olan şəxs sonradan işsiz qalacaqsa, cəmiyyət bunu qınayacaqlarsa, onda heç vaxt akreditasiya edə bilməyəcəyik. Təhsilimin böyük hissəsini Azərbaycanda almışam, amma oxuduğum hər iki magistr təhsilini ölkədən kənarda oxuduğum dövrdə heç birində daxil olanların hamısı vaxtında bitirə bilməyib. Bu da normal qarşılanıb, çünki imtahanı vaxtında verə bilməyib. Onlara qarşı heç bir ədalətsizlik olmayıb. Biz ali təhsil müəssisələrini nə qədər sıxacağıqsa, rəqabət daha da artacaq”, – nazir əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın