Region Liqasında çıxış edən Mingəçevirin “Energetik” klubu yenidən Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı APASport.az saytına komandanın məşqçisi Azər Həşimov məlumat verib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirə səfəri zamanı bu barədə söz verib: “Bilirsiniz ki, Region Liqası həvəskar çempionat sayılır. Elxan müəllimə dedik ki, biz peşəkar klub kimi fəaliyyət göstərmək istəyirik. O da söz verdi ki, sənədlərinizi yığın, şərait yaradacağıq, gələn mövsüm ölkə çempionatında – birinci divizionda iştirak edəcəksiniz”.

Həşimovun sözlərinə görə, AFFA Mingəçevir stadionunun təmirinə də maliyyə yardımı edəcək: “Stadionumuz bərbad vəziyyətdədir. Burada ehtiyat meydança da var. Elxan müəllim stadionun təmirinə AFFA-nın bacardığı köməkliyi göstərəcəyini bildirdi”.

Qeyd edək ki, Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” ilk iki oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın