AFFA-nın keçmiş baş katibi və indiki icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.

YALAN.info bildirir ki, funksioner mayın 1-dən yeni vəzifəsində çalışmağa başlayacaq.

O, müxtəlif regionlar üzrə “FIFA Forward” layihəsinin yerinə yetirilməsi, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün gərəkli layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin araşdırmasını aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etməklə məşğul olacaq.

Məmmədov AFFA-da 10 ildən çox olmaqla öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o, FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə gürcü direktoru Nodar Axalkatsini əvəzləyəcək.

Təyinatla bağlı danışan FIFA prezidenti Canni İnfantino bildirib ki, E.Məmmədovun ali futbol qurumunun komandasına qoşulması onların gücünə güc qatır: “Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına “xoş gəlmisən” deyirəm”.

FIFA-nın Paris ofisində çalışacaq E.Məmmədovun sözlərinə görə, bu quruma qoşulmaq çox xüsusi bir haldır:

“Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA indi futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik. Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır.

Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb və o vaxtdan Azərbaycanda idmanın miqyasının genişlənməsində önəmli rol oynayıb. O FIFA-da Feyr-pley və Sosial Məsuliyyət Komitəsinin üzvü olmaqla yanaşı, 2012-ci ildə Bakıda keçirilmiş FIFA qadınlararası U-17 dünya çempionatının Yerli Təşkilat Komitəsinin sədri, 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının finalı, AVRO-2020-nin qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.

Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın