Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini ilə görüşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı yazır ki, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirildiyinə görə, görüşdə Azərbaycan və AB arasında əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycanın Avropa Birliyi ilə əlaqələrin inkişafına özəl önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və başqa qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

Tərəflər Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini vurğulayaraq bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı bilgilər verərək mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa Birliyinin mövqeyinin yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.

Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın