Yaxın illərdə Türkiyə nüvə dövləti ola bilər. İsrailli analitik Yakov Kedminin sözlərinə görə, əgər bu baş verərsə, ölkəsi buna etiraz etməyəcək: “Çünki, biz istəsək də, istəməsək də, XXI əsrdə nüvə silahı ümumi silahlanma konsepsiyasının başlıca elementlərindən birinə çevrilir”.

“Moskovskiy Komsomolets” nəşrinin türk versiyasının baş redaktoru, Türkiyə üzrə ekspert Yaşar Niyazbayev Media.Az-la söhbət zamanı bildirib ki, Türkiyənin nüvə silahına sahib olma istəyi anlaşılandır. Belə ki, Türkiyə nüvə dövlətləri olan Rusiya və İsraillə qonşudur. İranın da yaxın gələcəkdə bu silaha sahib olması ehtimalı real görünür:

“Maraqlıdır ki, Türkiyənin nüvə silahına sahib olması mövzusu Rusiya media məkanında fəal müzakirə olunur. Bu yaxınlarda auditoriyası Türkiyəyə qarşı xüsusi rəğbət bəsləməyən populyar teleqram kanallarının birində sorğu keçirilib. “Türkiyə nə vaxt nüvə silahına sahib olacaq?” sualına oxucuların 63 faizi 1-5 il ərzində, deyə cavab veriblər”.

Y.Niyazbayevin sözlərinə görə, hələ 2019-cu ilin sentyabrında Prezident R.T.Ərdoğan “Kimdəsə nüvə silahı var, amma bizdə yoxdur. Bu qəbuledilməzdir”, – deyə bəyan edib. Bu çox vacib bir bəyanatdır.

“Azərbaycan üçün qələbə ilə nəticələnən İkinci Qarabağ müharibəsinin təcrübəsi belə deməyə əsas verir ki, nüvə Türkiyəsi rəsmi Bakı üçün müsbət hal olacaq. Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyi heç kim üçün sirr deyil. Türkiyənin öz maraqları üçün də bu vacibdir. Çünki qonşu ölkələrdən bir neçəsi artıq bu silaha sahibdir. Fikrimcə, Cənubi Qafqazdan fərqli olaraq, Yaxın Şərq regionunda Türkiyə daha çox müşahidəçi qismində çıxış edəcək. Lakin nüvə silahına sahiblənmək istənilən danışıqlarda onun mövqeyinin güclənməsinə səbəb olacaq”, – deyə ekspert bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın