Ukraynada aylardır davam edən müharibə ən gərgin mərhələsinə daxil olub. Sirr deyil ki, Rusiyanın xüsusi hərbi əməliyyat adı altında başlatdığı müharibə artıq onun iflasına səbəb olmaqdadır. On minlərlə canlı qüvvə itkisi verən qonşumuzu belə getsə, qismən səfərbərlik də xilas edə bilməyəcək. Belə ki, Qərbin proqnoz etdiyi, Rusiya rəhbərliyinin yaxın buraxmaq istəmədiyi daxili narazılıq artıq reallığa çevrilib.

Əhali kütləvi şəkildə ölkədən qaçır, etiraz aksiyaları irili-xırdalı bir çox şəhərləri bürüyüb. İnsanlar mənasız müharibədə canlarını qurban vermək niyyətində deyil. Bütün bunların fonunda başını itirən, panika içində olan Rusiya rəhbərliyi hər kəsi qorxuya salan ağlasığmaz hədələr səsləndirməkdədir.

Söhbət nüvə silahı tətbiq edilməsi hədələrinin mütəmadi xarakter almasından gedir. Prezident Vladimir Putin və başqa yüksək rütbəli şəxslərin ölkə ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduqlarını bildirmələri dünyanı silkələyib. Çoxları bunu sadəcə hədə adlandırsa da, heç nəyi istisna etmək olmaz. Əgər bir dövlət başqa dövlətin dünyada qəbul olunan sərhədlərini pozaraq işğala yol verirsə, onun belə bir də addım ata biləcəyi istisna edilməməlidir. Ən əsası, əgər işğal siyasəti də puç olursa, bu addımın atıla bilmə ehtimalı artır.

Xarici analitiklər birmənalı şəkildə “soyuq müharibə” dövründə olduğu kimi, taktiki nüvə silahlarının tətbiqi ehtimalından danışırlar. Artıq əminliklə demək olar ki, dünyada Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalına münasibət ciddiləşib. Reallıq budur ki, bəşəriyyət 1962-ci il Kuba böhranından bəri real nüvə münaqişəsinə hələ bu qədər yaxın olmayıb. 

Putin bir bomba ilə kifayətlənəcək?

Əsas təhlükə odur ki, Ukrayna ilə müharibədə fiasko ərəfəsində olan rəsmi Moskva taktiki nüvə silahlarından istifadə edə bilər. Belə olarsa, NATO ölkələri buna ABŞ-dan kənarda yerləşdirilən taktiki nüvə qüvvələri ilə cavab verə bilər. Putinin kütləvi səfərbərlik elan etməsindən və ələ keçirilən Ukrayna torpaqlarının itirilməsinin qarşısını almaq üçün “bütün mümkün vasitələrdən” istifadə etməklə hədələməsindən sonra AFP-yə müsahibə verən Qərb hərbi ekspertlərinin proqnozu belə olub ki, Rusiya bir, ya da bir neçə taktiki nüvə bombasından istifadə edə bilər. Onların gücü 0,3 ilə 100 kiloton arasında dəyişir və ABŞ-ın 1945-ci ildə Xirosimaya atdığı bomba ilə (15 kiloton) müqayisə edilə bilər. 32 kvadrat kilometr ərazini vurmaq üçün 20 taktiki nüvə bombası lazımdır.

CSIS Beynəlxalq təhlükəsizlik proqramının eksperti Mark Kansian deyib ki, “Putin, çox güman ki, bir bomba ilə kifayətlənəcək, çünki onun məqsədi Ukraynanı qorxutmaq və Qərb müttəfiqləri arasında nifaq salmaqdır. Güclü siqnal göndərmək və kütləvi insan tələfatının qarşısını almaq üçün bomba yüksək atmosferdə partladıla bilər. Bu, Ukraynada avadanlıqları sıradan çıxaran elektromaqnit impulsu yaradacaq”. Ağ Evin nüvə silahları üzrə keçmiş eksperti Con Volfsthal isə deyir ki, bu cür ssenarilər “çox güman ki, NATO-nu parçalamaq və Putinə qarşı qlobal konsensusu pozmaq məqsədi daşıyır”.

İri şəhərlər hədəfə alına bilər

Hər hansı hərbi bazaya, ya da böyük şəhərə zərbə endirilməsi və Ukraynanın siyasi rəhbərliyinin mümkün məhvi ilə bağlı ssenari də istisna edilmir. Ancaq bu, ümidsizlik jesti kimi dəyərləndiriləcək. Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, “Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”.

ABŞ-ın adı çəkilməyən yüksək rütbəli rəsmisinin sözlərinə görə, əgər Rusiya hakimiyyəti nüvə təhlükəsinin Ukraynanı təslim olmağa, ya da ərazisinin 20 faizini verməyə sövq edəcəyini düşünürsə, yanılır. Başqa iki adı çəkilməyən Qərb rəsmisi də bildiriblər ki, Ukraynaya nüvə zərbəsi, çətin ki, ekvivalent qisasla nəticələnsin. Çox güman ki, Qərb dövlətləri Rusiyanı cəzalandırmaq üçün hərbi cavab tədbirləri görəcəklər. Bir sıra rəsmilər əmindirlər ki, əgər Putin nüvə silahına əl atsa, ən çox ehtimal olunan ssenari yalnız döyüş meydanında istifadə üçün nəzərdə tutulmuş taktiki nüvə silahlarından istifadə etmək olacaq. Bəzi hərbi ekspertlərin fikrincə, Rusiya nüvə silahından istifadə etməklə hədələmək və ondan faktiki istifadə etməkdənsə, güzəştlərə hazır olmalıdır. 

Putin Qərbi qorxudur?

Vaşinqtonda yerləşən Rand Corp təhlil mərkəzindən Dara Massikotun fikrincə, Kreml Kiyevi, həmçinin Ukraynanın son uğurlarında vacib hərbi dəstək göstərmiş Qərb ölkələrini qorxutmaq istəyir. “Onlar ümid edirlər ki, anneksiya beynəlxalq sistemi sarsıdacaq, “Rusiya ərazisi”ylə bağlı nüvə təhdidləri atəşkəsə səbəb olacaq, Ukraynaya dəstəyi azaldacaq”, – Massikot yazıb.

Yeri gəlmişkən, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. Bu raketlər üçün təyyarə və ya gəmilərdən də istifadə mümkündür. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır. ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın