Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının (The World Bank) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi deyilib.

Baş nazir Ə.Əsədov Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin önəmliyini vurğulayıb.

Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyədə olduğunu qeyd edərək bu sahədə çalışmaların uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.

Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox başqa sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Sonda Azərbaycanda ofislərin qurulması və fəaliyyəti ilə bağlı Azərbaycan və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalanıb. Sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın