Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunub. Bundan başqa Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın şəhərlərinin baş planlarının da hazırlanması prosesi başlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin suallarını cavablayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.

O qeyd edib ki, planlaşdırma sənədləri hər hansı bir təşkilatın, ya da qurumun fəaliyyətindən ibarət olmur:

“Adətən bu sənəd bir çox dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş formada hazırlanır. Bu işdə də kifayət qədər uğurlu əlaqələndirmə yaranıb.

Bizim qarşımızda duran əsas vəzifə bərpa olunan, yenidən qurulan bütün şəhərlərdə, yaşayış məskənlərində yeni memarlıq simalarının yaradılmasıdır. Hər bir şəhər, yaşayış məskəni özünəməxsusluğu ilə digərindən fərqlənməli və təkrarsız olmalıdır. Bu zaman biz sözsüz ki, tarixi ənənələrə riayət edirik. Çünki bizim qədim memarlıq tariximiz var və bunun da əhəmiyyətli bir hissəsi Qarabağ ərazisində yerləşir.

Həm Ağdam şəhərində, həm Şuşa şəhərində və həm də Qarabağdakı başqa yaşayış məskənlərimizdə misilsiz memarlıq nümunələri var. Sözsüz ki, bütün bunlardan bəhrələnirik və eyni zamanda dünya təcrübəsini öyrənirik. Hal-hazırda müasir praktikada istifadə olunan memarlıq yanaşmalarını öyrənərək tətbiq etməyə çalışırıq.

Əlavə olaraq qeyd edim ki, müxtəlif şəhərlərin planlaşdırılmasında, ayrı-ayrı binaların layihələndirilməsində də müxtəlif müasir yanaşmalar: “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji əraziləri” var. Çalışırıq ki, layihələrimizdə bütün bunlar nəzərə alınsın, nəinki bugünün, həm də gələcəyin yaşayış məskənlərini yarada bilək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın