Kulis.az Fransanın Strasburq şəhərində yaşayan vəkil, tərcüməçi Dilbadi Qasımovla Qarabağ müharibəsi ilə bağlı müsahibəni təqdim edir:

– Dilbadi bəy, Qarabağ müharibəsinin fransız cəmiyyətindəki əks-sədasını necə dəyərləndirirsiniz?

– Təəssüflər olsun ki, fransız cəmiyyətində bununla bağlı tam olaraq düzgün məlumat yoxdur. Çünki uzun illər erməni təbliğatı nəticəsində beyinləri dolub. Artıq bu cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, ermənilər yazıq, məzlum, balaca, qırılmış, soyqırımına məruz qalmış bir millətdir.

Çox təəssüf ki, belə bilgilər var. Sözsüz ki, artıq Fransada azərbaycanlıların, azərbaycanlılara dəstək verən fransızların fəaliyyəti nəticəsində az da olsa, bu tendensiya dəyişir. Birincisi, onu demək istəyirəm ki, burada indiyə qədər səsini çıxarmayan hansısa səbəblərdən bəzi fransız intellektualları, hansı ki, bəzi məsələlərdən artıq xəbərləri var idi, onlar sözlərini deməkdən çəkinirdilər.

Son bir neçə gündə müşahidə etmişəm ki, bəzi politoloqlar, ziyalılar Azərbaycanı dəstəkləyirlər, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. İkinci bir tendensiya – Fransada və Fransanın xaricində yaşayıb, fransız dilini bilən gənclər çox fəaldırlar. Demək olar ki, fransız dilində olan məlumatların hamısının altında azərbaycanlıların şərhinə rast gəlmək olur.

Burada on-on beş nəfərdən söhbət getmir, yüzlərlə, minlərlə azərbaycanlı mobilizasiya olublar. Bir misal deyim. Mən internet vasitəsilə bəzi televiziyalara, portallara müsahibələr verirəm. İlk vaxtlar çıxışlarımın altında yalnız ermənilər şərh yazır, söyüb-təhqir edirdilər.

İndi baxıram, azərbaycanlılar şərhlərə nəzarət edirlər, ermənilərin bütün suallarına cavab verir, qarşısına faktlar qoyurlar. Fransada Azərbaycan diasporu ermənilərlə müqayisədə zəifdir. Bizim təsir dairəmiz onlardan çox deyil. Çünki onlar yüz illərdir burada məskunlaşıblar, möhkəmləniblər, bir çox imkanları ələ alıblar.

Dünən mən məhkəmədə olduğum zaman Livan əsilli bir tərcüməçi mənə yaxınlaşdı, dedi, sənin videolarına baxdım. Mən gülərək dedim ki, sən livanlısan, yəqin, mənim dediklərimə inanmamısan. Dedi, yox, mənim üçün fərqi yoxdur, haralı olmağıma baxmayaraq, sənin dediklərini yoxladım və ermənilərin dediklərinin həqiqətə uyğun olmadığını gördüm.

Sevindiricidir ki, bu gün az da olsa azərbaycanlılar Fransada öz sözünü qəbul etdirməyə, Azərbaycanın maraqlarına öz töhfələrini verməyə başlayıb.

– Bildiyim qədər, özəlliklə sizin yaşadığınız Strasburqda azərbaycanlıların aktivliyi bu ildən başlayaraq artıb.

– Elədir. Bilirsiniz, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Strasburqdan – Azərbaycan Dövlət Dillər Universiteti ilə Strasburq Universiteti arasında imzalanan müqavilədən başlayıb. İlk azərbaycanlı tələbələr zamanında buraya gəlib.

Strasburq Almaniyaya yaxın olduğu üçün Almaniyaya gəlib, orada sənəd ala bilməyən bir çox həmvətənimiz də buraya gəliblər. Bunun üçün Strasburq Fransada azərbaycanlıları qarşılayan ilk şəhərdir.

Buraya gələn azərbaycanlıların çoxu tələbədir. Onların bir qismi hələ də Strasburqda yaşayır. Bu səbəbdən düz deyirsiniz, Fransada azərbaycanlılar deyəndə Strasburqun yeri çox önəmlidir.

– Bildiyimiz qədərilə, ilk dəfədir oradakı mətbu orqanları azərbaycanlıların da fikir və düşüncələrini almağa ehtiyac duyublar və siz, orada yaşayan başqa həmvətənlərimiz artıq mətbuata çıxırlar.

– Bu, hələ çox azdır. İstədiyimiz qədər deyil. Ancaq əvvəlki zamanlarla qarşılaşdırdıqda, çox yaxşıdır. Fransız kanallarında monitorinq aparmışam, demək olar ki, eyni kanal gün boyunca əks tərəf olmadan dörd-beş erməniyə efir verir. Bu anlamda, bizim söz demək imkanımız çox azdır. Buna baxmayaraq, mümkün qədər sözümüzü deyirik. Mənim bir neçə dəfə mətbuat orqanlarında çıxışım olub. Düşünürəm ki, ən azı hər gün bir azərbaycanlı qəzetdə, ya da televiziyada çıxış etməlidir.

Bir amili də nəzərə almalıyıq, on il öncə burada sözünü deyə biləcək azərbaycanlı çox deyildi. Televiziya kanalları azərbaycanlı ziyalılar tapmaqda çətinlik çəkirdilər. Bunun üçün əlaqələr lazımdır. Burada mediaya çıxmaq üçün çox çalışıram. Tez-tez məktublar yollayıram televiziyalara. Burada Fransa telekanallarına nəzarət edən bir orqan var, televiziyaların birtərəfli çıxışına, yalnız ermənilərə söz verdiyinə görə oraya şikayət məktubu yazmışam.

İndi cavab gözləyirəm. Bu şikayəti Strasburqun millət vəkilinə də bildirmişəm. O da qeyd edib ki, çox doğru addım atmışam. Hətta məsələ ilə yaxından maraqlanacağını deyib. Deməyim odur ki, ermənilərlə müqayisədə, bizim mütəxəssislərimiz çox azdır burada. Bəzi kanallar isə ya qorxurlar, ya da ümumiyyətlə, ermənilərin irəli sürdüyü versiyalara qarşı söz demək üçün maraqlı deyillər.

– Belə bir tendensiya da var ki, Fransa cəmiyyəti irqçi mahiyyətlidir. Hind-Avropa ailəsi və xristian təəssübkeşliyi ilə ermənilərin haqsız mövqeyini müdafiə edir…

– Fransız cəmiyyəti birrəngli deyil. Burada həm də çox gözəl insanlar var. Sosialyönümlü, başqalarını sevən, qardaşlıq prinsipi ilə çıxış edənlər var. Dediyiniz də doğrudur. Fransada əhalinin bir hissəsi, bəlkə də, bir az çox hissəsi irqçi fikirlərlə yaşayır.

Fransada bir problem də var. Tədris orada – Azərbaycanda olduğu kimi, beynəlmiləl xarakterli deyil. Biz Azərbaycanda hər şeyi öyrənirik. Hətta ən kiçik ölkələri, onların tarixini, mədəniyyətini… Burada yaşayan insan elə bilir ki, Fransa sərhədlərindən o tərəfdə heç nə yoxdur. Yaxud da hamı acından ölür. Onlar Fransanı dünyanın mərkəzi sayır.

Tədrisi yalnız öz mədəniyyətlərinə, öz tarixlərinə yönəlib. Qapalılıq var. İkinci tərəfdən, siz deyən xristian amili də var. Ermənilər yüz illərlə elə bir imic yaradıb ki, guya türklər onları qırıb. Fransa həmişə şərqdəki xristian azlıqları həmişə müdafiə edib. Xristian azlıqlara zəifliyi var. Fransada belə təqdim olunur ki, guya ermənilər oturduğu yerdə biz onlara hücum etmişik, onları qırırıq.

Uzun illərdir təsəvvürlərində yaratdıqları yazıq, balaca xristian millətinə yenə də yazıqları gəlir, yenə də nə olur-olsun, hətta Azərbaycanın haqlı olduğunu bilsələr belə, ermənilərlə sakit davranmağın, müharibə etməməyin tərəfdarıdırlar.

Fransızlarda belə bir xasiyyət var; inandıqları bir fikri sonradan kiminsə dəyişdirməsi çətin olur. Onlar hesab edirlər ki, mən fransız kimi düşünürəmsə, deməli, haqlıyam. Çünki mən güclü ölkəyəm, kimin haqlı, kimin haqsız olduğuna mən qərar vermişəm. Qıraqdan gələn biri onların yanlış düşündüyünü deyəndə, heç cür qəbul etmirlər.

– Prezident Makronun ermənipərəst çıxışı yerli fransızlar və başqa xalqlar tərəfindən necə qarşılandı?

– Onlara görə, Makronun ermənipərəst çıxışında qeyri-adi bir şey yoxdur. Makron fransızların istədiyi fikirləri söyləyib, yenilik yoxdur. İkinci bir tərəfdən, Fransada çox böyük daxili problemlər var. Erməni məsələsi onların tək problemi deyil.

Onlar üçün bu məsələ hər hansı bir ölkədə gedən müharibə haqqında məlumat sahibi olmaqdan kənara çıxmır. Söhbət, təbii ki, erməni əsilli olmayan fransızlardan gedir. Onların işsizlik problemi, miqrasiya problemi daha vacibdir, nəinki erməni məsələsi…

– Biz nə edə bilərik ki, fransızların siz deyən eqosu deyil, həqiqəti öyrənmək istəyi önə çıxsın?

– Bu suala cavab vermək asan deyil. Bununla bağlı mən də çox düşünmüşəm. Şəxsi fikrim belədir ki, biz Fransaya bacardığımız qədər çox tələbə göndərməliyik. Orada intellektual baza, intellektual icmalar yaratmalıyıq. Bu tələbələr zamanla öz çıxışları, yazıları ilə sözlərini deyəcəklər. Düşünürəm ki, bu gün bu, ən mədəni və effektli çıxış yoludur.

Uşaq valideynini seçmədiyi kimi, biz də qonşularımızı seçməmişik, ən axmaq, ən pis qonşular bizə qismət olub. Bizim də ömür boyu onlarla mübarizə aparmaqdan başqa əlacımız yoxdur.

Arzu edirəm, gələcəkdə Azərbaycanda elə bir nəsil yetişsin ki, erməniləri siyasi-mədəni formada məğlub etsin, öz yerində oturtsun və ölkəmizin haqlarını qorumağa müvəffəq olsun.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın