“Təbii ki, oyun Qara Qarayevin qırmızı vərəqəsindən sonra dəyişdi. Bir nəfər azlıqda qalmağımız oyun planımızı dəyişdi”.

YALAN.info bildirir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Maltada Latviyaya qarşı keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis millimizin Latviyaya 0:1 uduzduğu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Oyuna yaxşı başladıq. Ancaq bəxtimiz gətirmədi. Bunu futbolçulara da dedim. Məğlubiyyətdən heç kim razı qala bilməz. Latviya Küveytlə fərqli oyun oynamışdı. Rəqibin qol vurduğu künc zərbəsindən qabaq qayda pozuntusu olmuşdu. Hakim bizim lehimizə cərimə vermədi.

Bu gün oynayanların çoxu növbəti oyunlarda əsas heyətdə yer alacaq. Təşkilatçılıq baxımından yaxşı görünürdük. İyunda Millətlər Liqasında dörd oyunumuz var. Daha çox futbolçuya ehtiyacımız olacaq. Riçard Almeyda, Renat Dadaşov və Dmitri Nəzərovu qeyd edərdim. Qapıçı da yaxşı oynadı. Ancaq nəticə hər şeyi deyir”.

Canni De Byazi “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Rüstəm Əhmədzadəni texniki səbəbdən iştirak ərizəsinə salmadığını vurğulayıb.

Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Latviyaya uduzub. Komandalar arasında öncəki 4 yoldaşlıq oyununun 3-ü heç-heçə ilə bitibsə, 1-də Azərbaycan millisi qələbə qazanmışdı.

Onu da yada salaq ki, Azərbaycan yığması martın 25-də ilin ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın