Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirildiyi ilə bağlı açıqlamanı lazım olan anda verdi.

Yada salaq ki, Rusiya dövlətinin başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda onlayn formatda çıxışı zamanı Moskvanın Qarabağdakı vasitəçilik səylərindən danışıb.

Bu arada, elə bil görüntü yaranır ki, erməni tərəfi imzalanan anlaşmaları unudub. Elə buna görə azərbaycanlı köçkünlərin Xankəndiyə qayıtmasının yolverilməzliyi ilə bağlı açıqlamalar var. Məsələn, bununla bağlı Qarabağın de-yure və de-fakto olmayan separatçı rejiminin nümayəndəsi Vaqram Poqosyan deyib. Bir daha iddia edilir ki, Qarabağ “Azərbaycanın ərazisi ola bilməz” və bu ərazinin “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınması üçün mübarizə davam edəcək.

Bundan başqa, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında nasist kolloborsionist və hərbi cinayətkar Qaregin Njdenin abidəsi açılır. Artıq bir qrup avropalı deputatın Ermənistana və Qarabağa səfəri anons edilir.

“PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov Media.Az-a açıqlamasında ilk növbədə vurğulayıb ki, Qarabağda Qaregin Njdenin abidəsinin açılması erməni tərəfinin düşünülmüş təxribatıdır.

“İkinci Qarabağ müharibəsindən öncə demişəm, həm də sonra artıq nəticələrini izləyərək vurğulamışam: “Dağlıq Qarabağda heç bir halda nə “prezident”, nə də “parlament” ola bilməz”. Rusiya sülhməramlıları isə Azərbaycanın bütün bilinən faciəli olaylardan sonra praktik olaraq yalnız erməni millətinin sakinlərinin yaşadığı ərazisini idarə etmək funksiyasını öz üzərinə götürməli deyillər.

Bölgəni yönətmək üçün müvəqqəti administrasiyaya – yerli əhalidən olan peşəkar idarəçilərə gərək var, ancaq həmin insanlar döyüş əməliyyatlarının iştirakçısı olmamalıdır. Axı onlar Azərbaycan hökuməti ilə daimi rəsmi dialoq aparmalı olacaqlar və Bakı birmənalı şəkildə hərbi cinayətkarlarla dialoq aparmayacaq”, – deyə Vitali Arkov bildirib.

“Bakının hərbi cinayətkar saydığı şəxslər ya Azərbaycan məhkəməsinə çıxarılmalı, ya da Azərbaycan torpaqlarından çıxmalıdırlar. Dağlıq Qarabağ isə Xankəndi, İrəvan və Parisdə radikalların və təxribatçıların nə elan etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir”, – deyə ekspert vurğulayıb.

“Bütün erməni hərbi birləşmələri istisnasız, necə adlandırmağından asılı olmayaraq, Qarabağ ərazisindən çıxarılmalıdır. Rusiya sülhməramlıları güvənliyi təmin edəcək durumdadırlar. Qaregin Njdenin abidəsi məsələsinə qayıdaraq bir daha qeyd edim ki, Rusiya sülhməramlıları bölgəni idarə etmək funksiyasını öz üzərinə götürməyiblər. Və bu, əlbəttə ki, həm də Rusiyaya qarşı təxribatdır. Moskva rahatsızlığını bildirə bilər, ancaq bu abidəni öz əlləri ilə yıxa bilməz. Baxmayaraq ki, Ermənistandakı təxribatı təşkil edən dağıdıcı güclər elə bunu gözləyirlər”.

Vitali Arkov çoxlarını məmnun etməyən, ancaq indiki durumda daha az zərərli fiqur olan Baş nazir Nikol Paşinyanın hələ də Ermənistanda hakimiyyətdə olmasına diqqət çəkir:

“Əgər o indi getsə, onda şübhəsiz ki, Ermənistandakı hakimiyyət radikalların əlinə keçəcək. Bu, Bakı və Moskva üçün sərfəli deyil, çünki əks təqdirdə Ermənistan nasist Almaniyasının Qafqaz versiyasına çevirilə bilər.

Paşinyan və onun artıq dağıdılan “Mənim addımım” siyasi qüvvəsi Ermənistanı siyasi və iqtisadi böhrandan çıxarmaq məqsədi daşıyan, eyni zamanda, bütün qonşularla yeni dinc dialoq yaradan, proqressiv güclərin koalisiyasının təmsil olunduğu güclü üçüncü siyasi qurum yaranana qədər lazımdır”.

Eyni zamanda, rusiyalı ekspert müxtəlif nümayəndələrin və fərqli siyasətçilərin Dağlıq Qarabağa səfərinə də toxunub. Bir az öncə erməni KİV-də avropalı deputatların gələcəyinin anonsu verilmişdi.

Vitali Arkov düşünür ki, Bakı mütləq belə hərəkətə qarşılıq verməli, etiraz notası göndərməlidir.

“Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələri yalnız mülki şəxsləri oradan buraxmalıdır və Azərbaycanın uyğun qurumlarının nümayəndələri bunu Rusiya sülhməramlıları ilə birlikdə izləyə bilər. Bəlkə də Bakıdan öncədən təsdiqlənmədən bu dəhlizlə bölgəyə səfər etmək hüququ olan mütəxəssis kateqoriyalarının (struktur) siyahısını hazırlamağa dəyər.

Başqaları isə nəzərdə tutulan səfərlərinin məqsədi ilə bağlı Bakını öncədən məlumatlandırmalı və bunun üçün özəl icazə ya verilməli, ya da verilməməlidir. Bunlara Ermənistanın Dağlıq Qarabağ ərazisində daimi yaşamayan rəsmi və ictimai xadimləri, habelə üçüncü dövlətlərin vətəndaşları da daxildir. Sonuncular mənim fikrimcə, bütün keçid dövrü boyunca Dağlıq Qarabağ ərazisindən yalnız Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin müşayiəti ilə keçməlidir”, – deyə Vitali Arkov sözlərini sonlandırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın