ABŞ-ın İrəvandakı səfiri Linn Treysi açıqlamasında bildirib ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı”nın tanımasının heç bir hüquqi nəticəsi olmayacaq. Çünki “Soyqırımı konvensiyası”nın qəbul olunma tarixi hüquqi müstəvidə başqa məsələləri əhatə edir. 

Yəni ki, yalançı erməni “soyqırımı” 1915-ci ildə baş verib, “Soyqırımı konvensiyası” isə 1951-ci ildə qüvvəyə minib. Hüquqi baxımdan konvensiya geri tarixlə hüquqi qüvvəyə malik ola bilməz.

Qeyd edək ki, ABŞ-ın dünyada ikinci ən böyük hesab olunan səfirliyi məhz İrəvanda yerləşir. Və baş verən hadisənin hüquqi qiymətini ABŞ səfiri bildirir.

Səfir bir daha qeyd edib ki, ABŞ və Türkiyə NATO çərçivəsində çox vacib müttəfiqdilər. Lakin Bayden administrasiyası bir daha bildirib ki, rəsmi Vaşinqton və Türkiyə arasında olan narazılıq effektiv və qəti surətdə həll olunmalıdır.

Bu hissəsini başa düşdük. Bu şou sadəcə İrəvanın ağzına atılmış sümükdür.

Bunu “RT” kanalının baş redaktoru Marqarita Simonyan da deyir.

Jurnalist özünün “Teleqram” kanalında yazır: “Necə olur ABŞ yüz ildir bu “soyqırımı” tanımadı və məhz indi tanıdı? Bayden bunu ədalət tərəfdarı olduğu üçün deyil, ani geosiyasi vəziyyətinə görə elədi. ABŞ elitasının ermənilərlə münasibəti yoxdur – nə yaxşı, nə də pis. Ermənilər ABŞ üçün sadəcə bir vasitədir. Yüz ildir anbarda saxlanılırdı. Buna görə mən bu gün xoşbəxt deyiləm, kədərlənirəm”. 

Nəzərə alsaq ki, erməni Simonyan Rusiya siyasətinin qeyri-rəsmi ruporudur, rahatlıqla deyə bilərik ki, Simonyan rəsmi Kremlin demək istədikləri deyib.

Bunu da başa düşdük.

Bəs Bayden bu “soyqırımı” ifadəsilə nə demək istədi?

Rəsmi Ağ Ev bu ifadə ilə iki məsələni birdən həll etməyə çalışır. İlk növbədə Türkiyəyə təzyiq vasitəsini göstərir. Türkiyənin yüksələn gücü də ABŞ narahat etməyə bilmir. Üstəgəl F-35 qırıcıları, “Patriot” və S-400 üçbucağı, Rusiya – Çin – Türkiyə alyansından Türkiyənin çıxması üçün hədə kimi dəyərləndirmək olar.

Amma ikinci hədəf daha maraqlıdır. Belə ki, Bayden indiyə kimi heç bir erməni lideri üçün yaradılmayan fürsəti Paşinyan üçün yaratdı. Paşinyanın hal-hazırda olan reytinqini daha da yüksəldi, seçkilərdə onun üçün daha əlverişli şərait yarandı. Baydenin “soyqırımı” deməsindən bir gün sonra Paşinyan istefa verdi.

Və bu erməni cəmiyyətində Paşinyana etibarın və rəğbətin artması deməkdir. ABŞ bu yolla Ermənistanı tam və tamamən Qərbə doğru istiqamətləndirməyi düşünür. Əgər rəsmi İrəvan buna getsə, regionda tamam başqa tablo canlanacaq.

Ermənistanın sərhədlərini rus hərbçiləri qoruduğu halda, İrəvan Qərbə doğru addımlasa ilk növbədə Rusiyanın hərbi bazası Gümrüdən çıxacaq. Bu isə Rusiyanın regionda mövqeyinin itirməsi deməkdir. Təbii ki, İrəvan buna getsə. 

Bunu da başa düşdük. 

Bəs ABŞ-n Cənubi Qafqaz uğrunda mübarizəyə məhz indi qarışması hansı zərurətdən irəli gəlir?

Əslində proses xeyli əvvəl başlayıb və baş verənlər sadəcə nəticədir. Bu gün Putin və Bayden İrəvanda kəllə-kəlləyə gəlib. Kimin qalib gələcəyi haqqında proqnoz vermək hava haqqında proqnoz vermək kimi bir şeydir. Anlaşılan isə odur ki, ermənilər yenə də yetim qaldı.

Çünki yeni raunda böyük əmilər döyüşəcək. İrəvanda vətəndaş müharibəsinin olması da istisna deyil. İnqilablar böyük əmilər tərəfindən hazırlanır, xırda yetim-yesirlər isə küçəyə çıxır. 
Və bu gün dünyada böyük güclər üçün meydana tank, top-tüfəng çıxartmaq maraqlı deyil.

Maraqli olan tranzit yollar, keçidlər, dəhlizlərdir. İqtisadi güc və planlaşmadır. 

İrəvan bu gün həmin yolun üstündədir. Ona görə də çox qısa vaxt ərzində maraqlı hadisələrin şahidi olacağıq.

Yazar: Kubra Məhərrəmova

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın