Çin Xalq Respublikasının Sədri Si Cinpin (Xi Jinping) silahlı qüvvələrin təlimləri üçün səfərbərlik elan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı yerli mediaya istinadla bildirir ki, Çin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın da sədri Si Cinpinin səfərbərlik haqqındakı sərəncamı Çin ordusunda 2022-ci il üçün təlimlərin başlanğıcı sayılır.

Təlimlər Çin Kommunist Partiyası və Mərkəzi Hərbi Şuranın təlimat və tapşırıqlarına uyğun təşkil olunur. Sərəncamda bildirilir ki, silahlı qüvvələr texnologiyanın, müharibələrin və rəqiblərin inkişafını diqqətlə izləməli, döyüş əməliyyatları ilə təlimləri daha yaxşı əlaqələndirmək üçün səylərini ikiqat artırmalı, həmçinin elit qüvvələrin təkmilləşdirilməsi üçün texnologiyaların sistematik təlimini və istifadəsini gücləndirməlidir.

Qeyd edək ki, şəxsi heyətin sayına (2,18 milyon nəfər) görə dünyanın ən böyük silahlı qüvvələri olan Çin Xalq Azadlıq Ordusu quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri, raket qoşunları və strateji təchizat qüvvələrindən ibarətdir. Çin ABŞ-dan sonra ikinci ən böyük müdafiə büdcəsi olan və ordusunu ən sürətlə modernləşdirən dövlətlərdən biridir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın